Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib.
Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, iştirakçılar şose velosipedi üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsində mübarizə aparırlar.
Yarışda müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu gənclərə qayğı siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir: “Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar”.
Yarışın 1-ci günündə velosipedçilər 14 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında 1-ci yerə layiq görülüb. U23/Elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped məktəbinin üzvü Lalə Əbdürəhmanova və Müdafiə Sənayesi Nazirliyi Velosiped Klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstərib.
Azərbaycan Kubokunun 1-ci mərhələsinin 2-ci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.