Prezident İlham Əliyev “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, proqramda nəzərdə tutulan tədbirlərin icrasına nəzarət və əlaqələndirmə Nazirlər Kabinetinə həvalə olunub və hökumət hər il Prezidentə hesabat təqdim edəcək. Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılacaq, maliyyələşmə isə Maliyyə və İqtisadiyyat nazirlikləri tərəfindən hər il dövlət büdcəsi və investisiya proqramları çərçivəsində təmin ediləcək.
Bəs ölkəmizdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün hansı perspektivlər var və sözügedən sərəncam bu istiqamətdə nə kimi faydalar verəcək?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Plat.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramı qısa vaxt ərzində iddialı hədəflərə çatmağı nəzərdə tutur:
“Bu, ilk növbədə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyası ilə sinerji təşkil edir. Belə ki, Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının istismarına başlanılması planlaşdırılır. Naxçıvan Muxtar Respublikasında isə geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq. Bu istiqamətdə fəaliyyət həm dövlət xətti ilə – “AzerGold” vasitəsilə, həm də özəl sektorun cəlb olunması ilə həyata keçiriləcək.
Avropa qitəsində ən perspektivli yataqlardan biri hesab olunan Balakən rayonundakı “Filizçay” polimetal yatağının işlənilməsi üzrə hazırlıq işləri də yekunlaşmaq üzrədir. Eyni zamanda, Qərb Sənaye Parkının yaradılması ilə bağlı Dövlət Başçısı tərəfindən sərəncam imzalanıb. Parkın əsas məqsədlərindən biri dağ-mədən sənayesinin inkişaf etdirilməsi, “Daşkəsən” filiz yatağının istismara cəlb olunması və ona yaxın ərazilərdə digər sənaye layihələrinin həyata keçirilməsidir.
Dövlət başçısı dağ-mədən sənayesində xammal hasilatından son məhsulun istehsalına qədər tam istehsal zəncirinin yaradılması ilə bağlı tapşırıqlar verib. Bu, yalnız təbii ehtiyatların hasilatını deyil, onların ölkə daxilində emal olunmasını, daha yüksək əlavə dəyər yaradılmasını və hazır məhsul istehsalının genişləndirilməsini nəzərdə tutur. 2030-cu ilədək alüminium istehsalının 100 min tona çatdırılması da qarşıya qoyulan hədəflərdən biridir”.
Deputat qeyd edib ki, bu layihələrin həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına ciddi təkan verə bilər:
“Dağ-mədən sənayesinin genişləndirilməsi ixracda qeyri-enerji sektorunun payının və bu sahədən əldə olunan gəlirlərin artmasına, ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq. Xüsusilə xammalın ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi Azərbaycanın ixrac strukturunun şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Digər mühüm istiqamət xarici investisiyaların cəlb edilməsidir. Yeni yataqların istismarı, emal müəssisələrinin yaradılması və sənaye infrastrukturlarının inkişafı həm yerli, həm də xarici investorlar üçün yeni imkanlar formalaşdıra bilər. Bu isə texnologiya transferinə, yeni idarəetmə təcrübələrinin tətbiqinə və sənayedə rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verə bilər.
Layihələrin Kəlbəcər, Ağdərə, Zəngilan, Balakən, Daşkəsən və Naxçıvan kimi müxtəlif regionları əhatə etməsi həmin ərazilərdə iqtisadi fəallığın artması baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni sənaye müəssisələrinin və istehsal zəncirlərinin yaradılması məşğulluğun dəstəklənməsinə, yerli biznesin inkişafına və regionların iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan verə bilər.
Pərvanə Vəliyeva həmçinin əlavə edib ki, gözləntilərdən biri də yeni iş yerlərinin yaradılmasıdır:
“İlkin qiymətləndirmələrə əsasən, bu layihələrin həyata keçirilməsi nəticəsində 5 mindən çox yeni iş yerinin yaradılması mümkündür. Bununla yanaşı, mədənçiliklə birbaşa bağlı olmayan logistika, nəqliyyat, tikinti, xidmət və digər sahələrdə də əlavə məşğulluq imkanlarının yaranması gözlənilə bilər.
Dağ-mədən sənayesinin genişlənməsi dövlət büdcəsinə daxilolmalar baxımından da əhəmiyyətlidir. Yeni müəssisələrin fəaliyyəti nəticəsində sektor üzrə vergi daxilolmalarının artması, ixrac gəlirlərinin yüksəlməsi və iqtisadi dövriyyənin genişlənməsi mümkündür. İlkin hesablamalara görə, layihələrin illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olması gözlənilir. Dövlət büdcəsinə artımlar isə yeni sosial paketlərin icrasına imkan verə bilər.
Beləliklə, qarşıdakı dövrdə dağ-mədən sənayesinin inkişafı yalnız yeni yataqların istismarı kimi qiymətləndirilməməlidir. Bu proses Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft və qeyri-enerji sektorunun gücləndirilməsi, ixrac potensialının artırılması, investisiyaların cəlb edilməsi və regionlarda iqtisadi fəallığın yüksəldilməsi üçün yeni imkanlar yarada bilər.
İqtisadi faydaların əldə olunması ilə yanaşı, ətraf mühitin qorunması əsas prioritet olaraq qalmalıdır. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanın ən böyük sərvəti onun təbiətidir. Buna görə də yataqların işlənilməsi zamanı ekoloji ekspertizanın yüksək səviyyədə aparılması, müasir texnologiyaların tətbiqi və bütün ekoloji norma və standartlara ciddi əməl olunması dağ-mədən sənayesinin uzunmüddətli və davamlı inkişafının əsas şərtlərindən biridir”.


























