image-photo-2022-12-24-14-56-56backend

Azərbaycanın elektrik enerjisinin xaricə ixracı artır

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”
Ölkəmizdə yanacaq-enerji kompleksi yüksək səviyyədə inkişaf etməkdədir. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir. Ölkə rayonlarının enerji təchizatının günü-gündən daha da davamlı və dayanıqlı olması daim energetiklərin diqqət mərkəzindədir. Regionlarda yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik enerjisinə olan tələbatını təmin etməklə, energetika sisteminin dayanıqlığında mühüm rol oynayır.
Regionun lider ölkəsi kimi, Azərbaycan artıq təkcə özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulub. Elektrik enerjisi təchizatına gəldikdə, əvvəlki illərdə tikilmiş stansiyalarda yenidənqurma işləri nəticəsində əlavə güclərin yaradılması mümkün olub. Bu gün Azərbaycan özünün enerji tələbatını tam şəkildə təmin edir. Təkcə 2021-ci ildə Azərbaycanda 27,8 mlrd. kVt·st istehsal, 1,67 mlrd. kVt·st ixrac göstəriciləri ilə elektrik enerjisi istehsal edilib. Hazırda elektrik enerjisinin geniş ixracı üçün də əlverişli imkanlar var. Azərbaycan bu imkanlardan istifadə edir. İldən-ilə Azərbaycan xarici ölkələrə elektrik enerjisinin ixracı artırır. Ötən illərdə görülülmüş tədbirlər nəticəsində bu işləri hazırda daha da böyük həcmdə edilir. Beləcə, bu gün Azərbaycan nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirir, eyni zamanda, elektrik enerjisini xaricə böyük həcmdə satmaqla məşğuldur. Dekabrın 21-də Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanatda bu məsələyə də toxunub. Cənab Prezident qeyd edib ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir: “Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti dekabrın 17-də Rumıniyada Avropanın enerji təhlükəsizliyinə töhfə verən yeni bir sazişə imza atıb. “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addım olaraq qiymətləndirilir. Prezident İlham Əliyev serbiyalı həmkarı ilə görüşdən sonra mətbuata verdiyi bəyanatda bu sazişi də xatırlayaraq əhəmiyyətini vurğulayıb: “Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.
Göründüyü kimi, dövlət başçısının apardığı qətiyyətli və ardıcıl siyasi xəttin nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilib. Artıq enerji təchizatında çətinlik yaranan bölgələrdə qısa müddətdə yeni generasiya gücləri işə salınıb. Bu məqsədlə dünyanın bir çox ölkələrində geniş tətbiq olunan porşen tipli aqreqatlardan ibarət elektrik stansiyasının tikintisi haqqında texniki qərar qəbul edilib.
Bu gün enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın aparıcı ölkələri, o cümlədən Serbiya ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəlmiş strateji xətt elektrik energetikası sisteminə xarici sərmayələrin cəlb olunmasına imkan yaradır. Bu imkanlardan Azərbaycan energetika sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, enerji təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunur.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki