image-img-20230131-wa0092backend

Azərbaycanla Macarıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq

image-reklam_sirab_01

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində ölkə başçısı Macarıstan Prezidenti xanım Katalin Novak və Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniştərkibli görüşlər keçirib, iki ölkə arasında mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıb.
Macarıstan Azərbaycan üçün əməkdaşlığın qurulması və Avropa məkanına inteqrasiya etmək üçün olduqca mühüm tərəfdaş ola bilər. Hazırda Macarıstan BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı və Avropa Şurasının aktiv üzvüdür. Azərbaycanla Macarıstan arasındakı dostluq qarşılıqlı etimad və etibar əsasında qurulan diplomatik münasibətlərə söykənir. Bu münasibətlərin daha da inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Macarıstan Avropa İttifaqında Azərbaycanın etibarlı tərəfdaşı olmaqla yanaşı, son illər həyata keçirilən enerji diplomatiyasında da strateji tərəfdaşa da çevrilib.
Ötən il Macarıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Hazırda Azərbaycan Macarıstanla bir çox siyasi və iqtisadi zəminli platformalarda əməkdaşlığı uğurla davam etdirir. Çoxtərəfli əməkdaşlıq platformaları kimi BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir.
İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə ciddi investisiya yatırımı və nəzərəçarpacaq dərəcədə ticarət dövriyyəsini əks etdirən faktlar mövcuddur. İndiyə qədər Macarıstan tərəfindən Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil etmişdirsə, 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Qeyd olunanlarla yanaşı, iki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir. Bu il Cənub Qaz Dəhlizinin Bakıda keçiriləcək növbəti iclasında Macarıstan tərəfinin xarici işlər və ticarət naziri səviyyəsində iştirakı təsdiqlənib. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir.
Dövlətimizin başçısının Macarıstana səfəri zamanı bir sıra mühüm sənədlər imzalanıb. Bunların içərisində ən vacibi Azərbaycan-Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Bu sənəd hər iki ölkə arasında bir sıra yeni siyasi və iqtisadi yönümlü əməkdaşlıq platformalarının əsasını qoyacaqdır. Keçən il dekabrın 17-də imzalanmış Qara Dəniz Sualtı Elektrik Enerjisi Xəttinin layihəsi vasitəsilə Azərbaycan alternativ və bərpaolunan enerji mənbələrini uğurla Avropaya ixrac edə biləcək. Macarıstan da bu layihənin icra olunmasında vacib coğrafi məkanda yerləşən dövlətlərdən biridir.
Layihənin işə düşməsi ilə Avropada yeni enerji ehtiyatlarının diversifikasiyası məhz Azərbaycan tərəfindən təmin edilmiş olacaqdır. Ölkə başçısı Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında qeyd edib ki, “Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır. Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək”. Ötən ay imzalanan sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdırılması məsələləri bir daha müzakirə edilib.
Prezident İlham Əliyev vurğulayıb ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə əsirgəməyəcək.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki