image-367201_res_00backend

Bakı məhkəməsində tükürpədici işgəncə səhnələri təsvir olundu

image-reklam_sirab_01

Bakıda Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbi canilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  Virtualaz.org-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmişlər dindirilib. Erməni əsirliyində qeyri-insani rəftarla üzləşən zərərçəkmişlər onlara verilən işgəncələrdən danışıblar.

“Sumqayıt hadisələri”nə görə mənə xüsusi işgəncələr verirdilər”

Zərərçəkmiş Həbib Kazımov ifadəsində 1992-ci ildə hərbi xidmətə yollandığını, Milli Qəhrəman Əlyar  Əliyevin batalyonunda xidmət etdiyini deyib. O,  1993-cü ildə Kəlbəcər rayonunda yaralandığını, kəllə beyin travması aldığını, əsir düşdüyünü, iki ilə yaxın əsirlikdə qaldığını bildirib: “Şuşa türməsinə aparıldım. Orada biləndə  ki, Sumqayıtdanam, “Sumqayıt hadisələrinə” görə mənə xüsusi işgəncə verdilər. O qədər döydülər ki, halım dəyişdi. Mkrtçyan və Xosrovyan məni dəmirlə, armaturla döyürdülər. 1994-cü ildə Sərdar adlı azərbaycanlı əsir var idi, onu öldürdülər. Bizə odun doğratdırırdılar. Məni “Sumqayıt uşağı” deyə çağırıb odunla döyürdülər”.

Zərərçəkmiş Sumqayıt hadisələrinə görə dözülməz işgəncələrə məruz qaldığını deyib:” Mkrtçyan və Xosrovyan terrorçu olduqları üçün onları hörmətli döyüşçü adlanırırdılar. Sumqayıtlı olduğum üçün Lüdvik mənə dəhşətli işgəncə verirdi. Məni ac susuz saxlayırdılar. Bizə onların göstərişi ilə su və çörək verirdilər. Sumqayıtlı olduğum üçün isə mənə çörək və su vermirdilər. Şuşa şəhərində, Şuşa şəhər İcra Hakimiyyətinin qarşısında hansısa erməni hərbçisinin abidəsinin açılışı idi. Abidənin açılışında bizi döyməyə başladılar. Uşaq bağçasından azyaşlı uşaqları, məktəblərdən yeniyetmə uşaqları gətiridilər, bizi onların gözü qarşısında döyürdülər, 13-14 yaşlı oğlan uşaqlarını gətirirdilər deyirdilər ki bunlara işgəncə verin. Şuşada Lüdvik bizə torpaq yedirirdi, deyirdi, Şuşa bizim torpağımızdır, yeyin torpağı”.

Digər keçmiş əsir Zaur Rzayevin danışdıqları

Məhkəmə bu erməni cəlladlarının işgəncələrinə məruz qalmış daha bir keçmiş əsiri dindirib. Zərərçəkmiş Zaur Rzayev ifadəsində  deyib ki,  1994-cü ildə Ağdamda yaralanıb əsir düşüb:” Məni apardılar həbsxanaya. Orada çiynimdən yaralandım. Lüdvik yaramı ayağı ilə basırdı. Şlanqdan su axırdı, ordan su içəndə başıma armatur və bellə vururdular. Suqareti yandırıb yarama basırdılar. Beli götürürdü, belin sapı ilə yox, dəmir hissəsi ilə, kəsici tərəfi ilə yaramı kəsirdilər. Xocavənd rayonunda Samvel Babayanın ferması var idi. Bizi orda işlədirdilər. 30-40 nəfər azərbaycanlı əsirlərə 50 metr uzunluğunda donuz və toyuq fermaları tikdirirdilər. Usta işlərini ermənilər görürdü, söküntü işlərini bizə gördürürdülər. David, Karen, Lüdvik nəzarətçi idi. Hərbi forma geyinib gəlirdilər, orada bizə işgəncə verirdilər. Lüdvik Mkrtçyan bizi Azərbaycan dilində söyüb. təhqir edirdi. İşğal edilmiş yerlərdən binaları söküb materialları Samvel Babayanın fermasına aparırdıq.

Avtomatın qundağı ilə, dəmir parçası, 25 lik armaturla döyürdü. Kübik daşıyırdıq, ac-susuz olurduq, gücümüz çatmırdı daşımağa. Lüdvik məni avtomatın qundağı və avtomatla döyürdü, cəld işləməyi tələb edirdi. Bizi növbə ilə döyürdülər. 5 nəfərlik dəstə bir həftə gəlib işgəncə verirdi, onlar gedirdi, yeni dəstə gəlirdi, onlar da döyürdü. Başımda döyülməkdən çapıqlar var, avtomatın şompulunu ocaqda qızdırıb basırdı sinəmə, güllə yarası olan yerə basırdı, qışqırdırdı bizi”.

Famil Əliyev: “Azərbaycanlıların skeletlərini qəbirdən çıxardıb güllələyirdilər…”

Digər zərərçəkmiş Famil Əliyev isə deyib ki, 1994-cü ildə ermənilər tərəfindən əsir götürülüb, onu əvvəlcə  Ağdama, ordan isə Xankəndinə aparıblar:” Səhəri gün Şuşa həbsxanasına gətirdilər. 7 ay Şuşa həbsxanasında olmuşam. Ora gələndən Lüdvik və Xosrovyanı tanımışam. Türmənin həyətində otu çıxarırdılar yerdən. Sonra bizə deyirdilər ki, sən ota əziyyət vermisən, bizə otun yerini yalatdırırdılar. Sinəmə siqaret basırdılar, bədənimizdə söndürürdülər, atırdılar yerə. Sonra həmin siqaretlərin tütününü yığıb çəkirdik. Donuzun yeməyini verirdilər ki, aparın donuz fermasında yeyin. Biz gəlirdik fermaya, donuzun yeməyini orda yeyirdik.

Bizi Ağdamda qəbirstanlıqlara gətirirdilər, azərbaycanlıların qəbirlərini qazdırırdılar, skletləri çıxarıb güllələyirdilər,. Meyitlərin kəlləsini çıxarıb qızıl dişləri çıxarırdılar. Biz qəbirləri qazmaqdan imtina edəndə  armaturla döyürdülər.  Lüdvik və Alyoşa bizi amansız işgəncələrə məruz qoyurdular”.

“Bunlara baxın, qəşəng geyinib-keçinib oturublar burda…”

İkinci Qarabağ müharibəsində yaxalanan və indi ədalət mühakiməsi önündə dayanan erməni canilərinin işgəncələrinə məruz qalmış daha bir keçmiş əsir Rauf Qafarov da başına gətirilənləri danışıb. Zərərçəkmiş ifadəsində Birinci Qarabağ müharibəsində iştirak etdiyini, 1993-cü ildə Ağdamda əsir düşdüyünü deyib.

Keçmiş əsirin məhkəmədə danışdıqları: ” Bizi Füzuliyə, oradan Xankəndinə apardılar.Orada mənim və əsir düşən yoldaşımın qızıl dişlərini kəlbətinlə çıxardılar. Orda iki əsir qaçmaq istəyərkən öldürüldü. O vaxt Samvel Babayanın qardaşı Karen Babayan Qarabağda komendaturanın rəisi idi. İki ay bizi kamerada saxladılar. Sonra Şuşa türməsinə gətirdilər. 3 ay bizi Qırmızı Xaçdan gizlətdilər. Sonra Xocavəndə apardılar. Xocavənddə Samvel Babayanın 8 hektar alma bağı var idi, iki donuz ferması tikirdilər, hər biri 60 metr uzunluğunda. Sonra bizə 6 metr hündürlüyündə taxıl anbarı tikdirdilər, 2 ədəd də 16 mərtəbəli bina. Füzulidən, Ağdamdan  evləri söküb, kubikləri ora  daşıyırdıq.

Bizi təhvil götürən növbətçi dəstə təhvil götürəndə də döyürdü, başqa növbəyə təhvil verəndə də. Ayda bir dəfə çayda çimirdik. Qırmızı Xaç Komitəsi gətirib bizə paltar verirdi. Paltarları əlimizdən alırdılar. Bizə buğda suyunu yemək kimi verirdilər. Ağac budağını da qaynadıb çay kimi verirdilər.Amma bunlara baxın, gözəl-göyçək geyinib əyləşiblər burda. 1995-ci ilin noyabrında bizi Şuşa türməsinə apardılar. Lüdvik və Alyoşanı orda gördüm. Bunlar bizi döymək üçün sanki bir-birləri ilə bəhsə girirdilər. Əgər kimsə bizi döyürdüsə, yanındakı döymürdüsə ona pis baxırdılar. Bizi lomla döyürdülər. O vaxt elə bilirdim lomla adam döyəndə adam ölür. Sonradan bildim ki, adamı başından vuranda ölür, amma bədəninə vuranda ölmür. Bunlar insan deyil, vəhşi heyvandan betər məxluqlardır”.

Məhkəmə prosesi davam edir.

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki