Rusiya və Ukrayna bu gün həlak olan hərbçilərin meyitlərin mübadiləsini həyata keçiriblər. Bu, keçən aydan bəri iki ölkə arasında baş tutan növbəti analoji prosesdir.
Vətəninfo.az xəbər verir ki, Dövlət Dumasının deputatı Şamsail Saraliyev RBK xəbər agentliyinə bildirib ki, Moskva 261 Ukrayna əsgərinin, Kiyev isə 24 Rusiya hərbçisinin meyitlərini təhvil verib.
Ukrayna Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı sonradan mübadilə faktını təsdiqləyərək “Telegram” kanalında “Rusiya tərəfinin bildirdiyinə görə, Ukrayna hərbçilərinə məxsus olan” 261 meyitin ölkəyə qaytarıldığını bəyan edib.
Bəyanatda həmçinin qeyd olunub ki, meyitlərin təhvil verilməsi prosesinin reallaşdırılmasına və dəstəklənməsinə verdiyi töhfələrə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə dərin minnətdarlığımızı bildiririk.
Xatırladaq ki, iki ölkə arasında bu istiqamətdə sonuncu mübadilə iyulun 16-da baş tutmuşdu. Həmin vaxt Moskva 501, Kiyev isə 31 meyti qarşı tərəfə təhvil vermişdi.


























