Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Sərəncamın icrası ilə bağlı və ənənəvi olaraq Novruz Bayramı ərəfəsində mart ayının 16-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Səbail və Qaradağ rayonları ərazilərində ağacəkmə aksiyası keçirilib.
Bu gün qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi işləri aparılır.
Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd ağac və kol bitkiləri əkilib.
Bu kimi ağacəkmə aksiyaları Bakı şəhərinin bütün rayonlarında keçiriləcək və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.