ABŞ-nin maliyyə naziri Skott Bessent hesab edir ki, İrana qarşı tətbiq olunan dəniz blokadası və iqtisadi təzyiqlər bir neçə ay ərzində Tehranı mövqeyini dəyişməyə məcbur edə bilər.
Vətəninfo.az xəbər verir ki, Bessent bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
ABŞ rəsmisi İran hökumətinin ciddi iqtisadi çətinliklərlə üzləşdiyini iddia edib. Onun sözlərinə görə, ölkədə vəziyyət o həddə çatıb ki, İran hakimiyyəti hərbi qüvvələrin maaşlarını ödəməkdə belə çətinlik çəkə bilər.
Bessent bildirib ki, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqləri davam etdirir və dəniz blokadası bu strategiyanın əsas istiqamətlərindən biridir. ABŞ administrasiyası hesab edir ki, iqtisadi məhdudiyyətlərin gücləndirilməsi İranın maliyyə imkanlarını zəiflədərək ölkə rəhbərliyini geri çəkilməyə vadar edə bilər.
Nazir, həmçinin ABŞ Prezidenti Donald Trampın noyabrda keçiriləcək aralıq seçkilərə qədər İrana qarşı yeni hərbi əməliyyatlara başlamasının gözlənilmədiyini bildirib.
Bununla belə, Bessent İranla bağlı proseslərin hansı istiqamətdə inkişaf edəcəyinin hələ də qeyri-müəyyən olduğunu vurğulayıb.
Qeyd edək ki, Vaşinqtonun İrana qarşı iqtisadi və maliyyə təzyiqləri Tehranla münasibətlərdə əsas mübarizə vasitələrindən biri olaraq qalır. Bununla yanaşı, blokada və sanksiyaların İran rəhbərliyinin siyasətinə nə dərəcədə təsir göstərəcəyi hələlik dəqiq məlum deyil.


























