16 illik aradan sonra Bakı ikinci dəfə İslam İnkişafı Bankı Qrupunun İllik Toplantılarına ev sahibliyi etdi. Bu mötəbər tədbirin növbəti dəfə ölkəmizə etibar edilməsi Azərbaycanın ildən-ilə artan beynəlxalq nüfuzundan xəbər verir və bir daha sübut edir ki, ölkəmizdə yaradılan əlverişli investisiya mühiti, sərmayələrdən səmərəli və nəticəyönümlü icra təcrübəsi nüfuzlu maliyyə institutlarının diqqətindən yayınmır.
Aparıcı aktorları və beynəlxalq təsisatları ölkəmizə cəlb edən həm də bugünkü Azərbaycan reallığıdır. Onlar əyani şəkildə görürlər ki, geosiyasi çağırışlardan və qlobal oyun qaydalarının köklü şəkildə dəyişməsindən asılı olmayaraq, ölkəmiz üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bir çoxlarından fərqli olaraq, Azərbaycan bu illər ərzində imzaladığı saziş və müqavilələrin bir bəndinə belə toxunmayıb, onları dəyişdirməyə cəhd etməyib. Azərbaycan beynəlxalq müstəvidə həm də bu mövqeyinə görə etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin statusunu möhkəmləndirən amillərdən biri də onunla bağlıdır ki, təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidenti müstəqil xarici siyasət yürüdür və kənar təsirlər qarşısında mövqeyini dəyişmir.
Nüfuzlu maliyyə institutlarını Azərbaycana cəlb edən digər mühüm amil ölkəmizdə daxili sabitliyin və təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Bu, xarici sərmayədarlar üçün olduqca vacibdir. Ötən illər ərzində beynəlxalq tərəfdaşlar ona da əmin oldular ki, Azərbaycan iqtisadiyyatı güclü və müstəqil bünövrəyə söykənir. Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi və strateji uzaqgörənliyi sayəsində 1994-cü ilin sentyabrında imzalanmış XX əsrin ən böyük Neft Kontraktı həmin bünövrənin əsasını təşkil edir. Daxili sabitliyin yalnız özümüz üçün deyil, xarici tərəfdaşlar üçün də nə qədər əhəmiyyətli olduğunu böyük dövlət xadimləri dəfələrlə qeyd ediblər. Qardaş Türkiyənin lX Prezidenti Süleyman Dəmirəl vaxtilə bugünkü gerçəkliyin əvəzolunmaz nailiyyət olduğunu bu cür dəyərləndirmişdi:
“Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir”.
Beynəlxalq maliyyə institutları bunu da yaxşı bilirlər ki, onlar bəzi güclərin təzyiqi altında qlobal əhəmiyyətli layihələri maliyyələşdirməkdən imtina etsələr də, Azərbaycan bu layihələri öz daxili imkanları hesabına həyata keçirmək gücündə olduğunu dəfələrlə sübut edib. Bakı-Tbilisi-Qars dəmir yolu həmin layihələrdən yalnız biridir. Azərbaycan bütün maneələrə baxmayaraq, onu özü maliyyələşdirdi. Həmin layihə artıq Avrasiya coğrafiyasının mühüm infrastruktur qovşaqlarından birinə çevrilib.
Prezident İlham Əliyev İslam İnkişafı Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında ölkəmizin tranzit imkanlarının artırılmasının prioritet vəzifələrdən biri olduğunu xüsusi qeyd etdi:
“Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14-15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. Əlbəttə, bunun hamısı yalnız bizdən asılı deyil. Bu, həm geosiyasi vəziyyətdən, həm də regiondakı ümumi şəraitdən asılı olacaq. Lakin bunlar bizim planlarımızdır”.
Münaqişə və müharibələrin bitmək bilmədiyi müasir dövr olduqca təhlükəli geosiyasi çağırışlarla müşayiət olunur. İqtisadi bağlantı zəncirlərinin qırılması, enerji və ərzaq təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal suverenliyin təmin olunması onların yalnız bir hissəsidir. Geosiyasi və geoiqtisadi çağırışların təsiri altında hətta coğrafi üstünlük belə, bəzən ayrı-ayrı aktorlara böyük problemlər də yarada bilir. Prezident İlham Əliyev çıxışında bu həssas məqamı Azərbaycan reallığından çıxış edərək bu cür qiymətləndirdi:
“Sadəcə, xəritəyə nəzər salsaq görərik ki, Azərbaycan Avropa və Asiyanın arasında yerləşir. Coğrafi yerləşmə, əlbəttə ki, gündəlikdən asılı olaraq başağrısı da ola bilər, üstünlük də ola bilər. Bizə gəldikdə bu, təkcə bizim üçün yox, bir çox ölkələr üçün üstünlükdür. Bu gün artıq qeyd etdiyim kimi, Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və razılaşdırılmış nəqliyyat vətərini yaradır. Əlbəttə ki, bir çox işlər görülməlidir və yeri gəlmişkən, bu, bizim prioritetlərimizdən biridir”.
Cənab Prezidentin olduqca mürəkkəb çağırışları nəzərə alan bu mühüm mesajından çıxış edib yaxın tariximizə boylandıqda bir daha əmin oluruq ki, Ermənistanın ölkəmizə qarşı işğal siyasəti təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Avrasiya kimi daha geniş coğrafiyaya və bu coğrafiyanın verə biləcəyi iqtisadi fürsətlərə ciddi zərbələr vurub. İndi təkcə özümüz yox, artıq çoxları etiraf edir ki, itirilmiş mənfəət və imkanların əsas səbəbi böyük güclərin riyakar ikili standartlar siyasəti ilə bağlı olub. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bu acı reallığı növbəti dəfə açıq mətnlə nüfuzlu auditoriyanın diqqətinə çatdırdı:
“Haradasa hər hansı bir hadisə baş verən kimi dərhal sanksiyalar tətbiq olunur. Lakin Ermənistana qarşı heç kəs sanksiyalar tətbiq etmədi və bu, ikili standartların, həmçinin bəyan edilən qondarma dəyərlərlə real siyasət arasındakı fərqin açıq təzahürüdür… Mən ATƏT-in Minsk qrupunun həmsədrlərini- BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan Fransanı, Rusiyanı və Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Təsəvvür edin, bu ölkələr Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməzdilərmi? Əlbəttə ki, edə bilərdilər. Sadəcə bunu istəmirdilər. Onlar torpaqlarımızın Ermənistanın işğalı altında qalmasını istəyirdilər. Bu, onların birgə qərarı idi. Lakin biz bu planları dəyişdirdik”.
Cənab Prezidentin xüsusi olaraq vurğuladığı “birgə qərar” müəlliflərinin ölkəmizə qarşı təzyiq siyasətinin arxasında yalnız bu məqsəd dayanırdı: Azərbaycan işğalla baglı status-kvo vəziyyəti ilə barışıb Ermənistanla razılaşmalı və nə qədər absurd görünsə də, həmin güclərin sanksiya hədəsi altında işğalçıya qarşı müharibəyə başlamaq hüququndan imtina etməli idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dörd il əvvəl, 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi bu tarixi bəyanat uzun illər ərzində Qələbəmizə mane olan və onu əngəlləməyə çalışan dairələri açıq şəkildə ifşa edir:
“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
“Birgə qərar” müəlliflərinin beynəlxalq hüquqa zidd olan cahil motivləri də artıq cəmiyyətimizə yaxşı məlumdur. Cənab Prezident çıxışında olduqca diplomatik üslubda onlara da aydınlıq gətirdi və xüsusi olaraq vurğuladı ki, nə məscidlərimizin bilərəkdən dağıdılmasını, nə dini məbəd və hisslərimizin təhqir olunmasını, nə də Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Təsir dairələrində olan media resurslarının və bəzi beynəlxalq təşkilatların dili ilə Azərbaycana qarşı hibrid hücumlardan və çirkin qarayaxma kampaniyasından hələ də əl çəkməyən dairələrə cənab Prezident bu mühüm mesajı da verdi:
“Biz qisasımızı döyüş meydanında aldıq və bu, kifayətdir. Müharibə dayanmalı idi və onu dayandıran da biz olduq. Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır”.
Tarixi Zəfərimizdən sonra Azərbaycan bir çox mötəbər tədbirə ev sahibliyi edib. Bu, ölkəmizin beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallığın və Avrasiya məkanında oynadığı strateji rolun qlobal arenada etirafı və qəbul edilməsi baxımından olduqca önəmlidir. İslam İnkişafı Bankı Qrupunun İllik Toplantılarının ikinci dəfə ölkəmizdə keçirilməsi və bu nüfuzlu tədbir çərçivəsində “Qarabağ suvarma kanalının yenidən qurulması” ilə bağlı iki mühüm sazişin və Anlaşma Memorandumunun imzalanması bədxahlarımızın iflasa uğramış məkrli planlarına növbəti layiqli cavabdır!
Bu, həm də o deməkdir ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri dayanıqlı sülhə real töhfə verməklə yanaşı, Zəngəzur dəhlizinin açılışını hər ötən gün daha da yaxınlaşdırır. Hazırkı mürəkkəb geosiyasi və geoiqtisadi şəraitdə Orta Dəhlizin tarixi əhəmiyyətini dərk edən qlobal beyin mərkəzləri artıq onu da bilir və görürlər ki, Azərbaycan Avropa və Asiya qitələri arasında təkcə strateji mərkəz deyil, həm də bu coğrafiyada öhdəliklərinə dönmədən əməl edən etibarlı söz sahibidir. Zəngəzur dəhlizi isə bu coğrafiyadakı bağlantıların qaçılmaz və ən effektiv həlqəsidir. Gec də olsa, bu reallığı artıq çoxları etiraf edir.
Ülvi Quliyev,
Milli Məclisin deputatı


























