Rusiyanın Ukraynaya ötən gecə həyata keçirdiyi hava hücumları nəticəsində Kiyevdə Azərbaycan vətəndaşı həlak olub.
Vətəninfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücum nəticəsində iki nəfər həyatını itirib və onlardan biri Azərbaycan vətəndaşıdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə faktı təsdiqləyib. Onun sözlərinə görə, sentyabrın 27-dən 28-nə keçən gecə, saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu zamanı 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub.
Hacızadə bildirib ki, həlak olan şəxsin nəşinin Azərbaycana gətirilməsi üçün Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.
Zelenskinin məlumatına görə, Rusiya qüvvələrinin gecə hücumları Ukraynanın bir sıra bölgələrini əhatə edib.
Kiyevdə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində yaşayış binalarına və kommunikasiya infrastrukturuna ziyan dəyib. Paytaxtda yanacaqdoldurma məntəqələri və kafe zərər görüb, ərzaq bazarında isə yanğın baş verib.
Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib. Hücum nəticəsində binanın ikinci və dördüncü mərtəbələrinin bir hissəsi dağılıb. Məlumata görə, Xarkovda 9-u uşaq olmaqla 28 nəfər yaralanıb.
Odessa vilayətində Palau bayrağı altında üzən gəmiyə zərbə endirildiyi, Jitomir vilayətində isə dondurma fabrikinin zədələndiyi bildirilib.
Bundan başqa, Sumı, Rivne, Xarkov və Odessa vilayətlərində yaşayış binalarının, Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərində isə kritik infrastruktur obyektlərinin zərər gördüyü qeyd olunub.
Ukrayna Prezidenti hücumlar nəticəsində onlarla insanın yaralandığını bildirib.
Zelenski həmçinin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin çatdırılmasının, enerji sektoruna dəstəyin davam etdirilməsinin və ölkənin büdcə kəsirinin maliyyələşdirilməsinə yardım göstərilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti daha əvvəl də Rusiyanın ölkəyə həyata keçirdiyi genişmiqyaslı hava hücumları zamanı Kiyev və digər regionlarda yaşayış və infrastruktur obyektlərinin zərər gördüyünü açıqlayıb.


























