image-reklam-veteninfo
image-1backend

İsrail bu ölkəyə  7 gün vaxt verdi

image-reklam-veteninfo

İsrail Niderlanda Ramallahda fəaliyyət göstərən hollandiyalı diplomatların diplomatik imtiyaz və etimadnamələrinin ləğvi ilə bağlı qərarını dəyişmək üçün yeddi gün vaxt verib.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.

Saar bildirib ki, qərar Niderlandın Qərb Şəriyəsi, Şərqi Qüds və Qolan Təpələrində fəaliyyət göstərən İsrail şirkətlərindən məhsul idxalına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib.

İsrail XİN rəhbəri sosial şəbəkə hesabında qeyd edib ki, Niderland Fələstinlilərlə bağlı fəaliyyətini davam etdirmək istəyirsə, bunu İsrail ərazisindən deyil, Fələstin Muxtariyyətinin ərazisindən həyata keçirə bilər.

Saar həmçinin bildirib ki, İsrail özünə qarşı yönəldiyini hesab etdiyi birtərəfli addımlara cavabsız qalmayacaq. Onun sözlərinə görə, İsrailə qarşı “düşmənçilik və birtərəfli davranış” nümayiş etdirən ölkələr regiondakı təsirini və əhəmiyyətini itirəcək.

Qeyd edək ki, Niderland işğal olunmuş hesab etdiyi ərazilərdə fəaliyyət göstərən İsrail şirkətlərinin məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Sözügedən tədbirlər Qərb Şəriyəsi, Şərqi Qüds və Qolan Təpələrində fəaliyyət göstərən şirkələrə şamil olunur.

“The Times of Israel”in məlumatına görə, İsrailin Niderlanda qarşı bu addımı iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda atılan ilk tədbir deyil.

Ötən ay İsrail hakimiyyəti Niderland hökumətinin İsrail yaşayış məntəqələrinə qarşı ticarət məhdudiyyətləri elan etməsindən sonra hollandiyalı nümayəndələrin Kiryat Qat şəhərindəki Beynəlxalq Qəzza Dəstək Mərkəzinə səfərinə qadağa qoyub.

Saar, həmçinin Niderland hökumətini həyata keçirdiyi siyasətlə ölkədə antisemitizmin artmasına şərait yaratmaqda ittiham edib. O, İsrailin atdığı addımları Fələstin əraziləri ilə bağlı siyasəti kontekstində əsaslandırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki