image-reklam-veteninfo
image-1backend

Bir çayın ayırdığı iki paytaxt: Dünyanın bir-birinə ən yaxın paytaxtları hansılardır?

image-reklam-veteninfo

Dünyada bir-birinə o qədər yaxın yerləşən paytaxtlar var ki, onları bəzən eyni şəhərin iki hissəsi hesab etmək olar. Bu baxımdan ən maraqlı nümunələrdən biri Afrikadadır: Brazzavil və Kinşasa. Bu iki şəhəri yalnız Konqo çayı ayırır və onlar dünyanın bir-birinə ən yaxın iki paytaxtı hesab olunur.

Maraqlıdır ki, hər iki şəhərin yerləşdiyi ölkənin adında da “Konqo” sözü var. Brazzavil Konqo Respublikasının, Kinşasa isə Konqo Demokratik Respublikasının paytaxtıdır. Ölkələri bir-birindən fərqləndirmək üçün gündəlik istifadədə “Konqo-Brazzavil” və “Konqo-Kinşasa” ifadələrinə də rast gəlinir.

XIX əsrdə bu ərazilər Avropanın iki böyük dövlətinin müstəmləkə idarəçiliyində idi. Konqo Respublikasının ərazisi Fransanın, indiki Konqo Demokratik Respublikasının ərazisi isə Belçikanın nəzarəti altında idi.

Konqo çayı bölgənin əsas nəqliyyat və ticarət arteriyalarından biri olduğundan, hər iki tərəf çayın sahilində möhkəmləndirilmiş ticarət məntəqəsi yaratmağa çalışırdı. Fransızlar 1880-ci ildə Brazzavilin əsasını qoydular. Bir il sonra isə belçikalılar ərazidə məntəqə yaratdılar və onu Belçika kralı II Leopoldun şərəfinə Leopoldvil adlandırdılar.

Hər iki ölkə 1960-cı ildə müstəqillik əldə etdi. Bununla da Brazzavil və Leopoldvil dünyanın bir-birinə ən yaxın paytaxtları kimi tarixə düşdü.

Müstəmləkə dövrünü xatırladan Leopoldvil adı 1966-cı ildə dəyişdirilərək Kinşasa oldu. Yeni ad şəhərin genişlənməsi nəticəsində öz ərazisinə qatdığı kəndlərdən birinin adından götürülmüşdü.

Brazzavil və Kinşasadan sonra dünyanın bir-birinə ən yaxın paytaxtları əsasən Avropada yerləşir.

İkinci sırada Vyana və Bratislava gəlir. Avstriyanın paytaxtı ilə Slovakiyanın paytaxtı arasındakı məsafə təxminən 55 kilometrdir. Slovakiya 1993-cü il yanvarın 1-də müstəqil dövlət olduqdan sonra Bratislava-Vyana cütlüyü dünyanın ikinci ən yaxın paytaxtları sırasına yüksəlib.

Üçüncü yerdə Tallinn və Helsinki qərarlaşıb. Estoniyanın paytaxtı Tallinn ilə Finlandiyanın paytaxtı Helsinki arasında hava məsafəsi təxminən 82 kilometrdir. Bu iki şəhər 1990–1992-ci illərdə dünyanın ən yaxın paytaxtları arasında ikinci yerdə olub. Slovakiyanın müstəqilliyindən sonra isə üçüncü pilləyə düşüblər.

Dördüncü yerdə Dəməşq və Beyrutdur. Suriya və Livanın paytaxtlarını təxminən 86 kilometr məsafə ayırır.

İlk beşliyi isə Karib hövzəsində yerləşən iki paytaxt tamamlayır. Sent Kitts və Nevisin paytaxtı Basterlə Antiqua və Barbudanın paytaxtı Sent Cons arasında məsafə təxminən 96 kilometrdir.

Bakıya ən yaxın paytaxt hansıdır?
Azərbaycanın paytaxtı Bakı da regionun bir neçə paytaxtına nisbətən yaxın məsafədə yerləşir.

Hava məsafəsi nəzərə alındıqda Bakıdan:

Tbilisiyə – təxminən 448 kilometr;

İrəvana – təxminən 458 kilometr;

Tehrana – təxminən 540 kilometr;

Aşqabada – təxminən 783 kilometr;

Bağdada – təxminən 930 kilometrdir.

Beləliklə, Bakı üçün bu siyahıda ən yaxın paytaxt Tbilisidir. İki şəhər arasındakı məsafə təxminən 448 kilometr təşkil edir.

Qeyd etmək lazımdır ki, burada göstərilən rəqəmlər hava məsafəsinə, yəni şəhərlər arasındakı təxmini düz xətt məsafəsinə aiddir. Avtomobil yolları ilə məsafə coğrafi relyef, sərhəd-keçid məntəqələri və yol marşrutundan asılı olaraq daha uzun ola bilər.

Brazzavil və Kinşasa nümunəsi isə paytaxtların coğrafi yaxınlığının nə qədər qeyri-adi nəticələr yarada biləcəyini göstərir: iki ayrı dövlətin paytaxtları eyni çayın iki sahilində, demək olar ki, üz-üzə yerləşir.

Yadigar Sadıqlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki