Türkiyədə mərhum siyasətçi Muhsin Yazıcıoğlu və onunla birlikdə həlak olan şəxslərlə bağlı helikopter qəzasının istintaqında 36 şübhəli barəsində həbs qərarı verilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Ankara Respublika Baş Prokurorluğunun koordinasiya etdiyi istintaq çərçivəsində ümumilikdə 38 şübhəli saxlanılıb.
Baş Prokurorluğun açıqlamasında bildirilib ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin iştirakı ilə aparılan araşdırmalar nəticəsində bəzi şübhəlilərin Fətullahçı Terror Təşkilatının (FETÖ) fəaliyyəti çərçivəsində “qəsdən adam öldürmə” və “maddi həqiqətin üzə çıxarılmasına mane olmaq”la əlaqəli müxtəlif cinayətlər törətdiyi müəyyənləşdirilib.
İstintaq çərçivəsində Ankaranın daxil olduğu 16 vilayətdə 45 ünvanda axtarış və müsadirə əməliyyatları keçirilib.
Məlumata görə, barələrində həbs qərarı çıxarılan şəxslərdən 10-u daha əvvəl həbsdə olub. Bundan başqa, sentyabrın 25-də 33 şübhəli saxlanılıb. Araşdırmaların davamında daha 5 nəfər də nəzarətə götürülüb və beləliklə, saxlanılanların ümumi sayı 38-ə çatıb.
Baş Prokurorluğun məlumatına əsasən, 38 şübhəlidən 36-sı həbs tələbi ilə, 2-si isə məhkəmə nəzarəti tədbirinin tətbiqi üçün məhkəməyə göndərilib.
Məhkəmə 36 şübhəlinin hamısı barəsində həbs qərarı çıxarıb. Digər iki şəxsə isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Baş Prokurorluq istintaqın hərtərəfli və dəqiq şəkildə davam etdirildiyini bildirib.


























