image-reklam-veteninfo
image-f5410f801c0b02d4e83395d65ea14c8abackend

Bir əzikliyin tarixçəsi – 1950-60-cı illərin məsələsi niyə hələ də aktualdır?

image-reklam-veteninfo

Növbəti dəfə ana dilimizin işləkliyi məsələsi barədə yazmağa hazırlşarkən, sosial şəbəkədə həmkarımız Rəşad Babalının uyğun mövzuda qeydlərini gördüm. Müəllif yazır ki, şəhərin mərkəzindəki məktəblərin yanından keçəndə şagirdlərin əksəriyyətinin bir-biriylə rusca danışdığının şahidi olur. O, bunu əziklik hesab edir və bildirir ki, Tiflisdə öz aralarında rusca danışan gürcüləri görməyib, orada və İrəvanda ingilis təmayüllü özəl məktəblərdə oxuyan şagirdlərin öz aralarında ingiliscə danışmırlar, nə varsa, məktəbdə qalır.

Bu xüsusda dartışma, mübahisə illərdir ki, davam edir. Son illərdə daha da şiddətlənib. Ancaq bu dil davası müstəqillik dövrünün mübahisə predmeti deyil.

Bu söhbət 70 il öncə də olub – sovet dövlətinin öz dilində danışanları xor gördüyü, onlara millətçi damğası vurduğu illərdə.

Bu mövzuda açılan arxiv sənədlərində bütün detallar çılpaqlığı ilə qeyd olunub. Stalinin ölümündən sonra Xruşovun “mülayimləşmə” tendensiyası başlatdığı illərdə bir sıra digər SSRİ respublikalarında olduğu kimi Azərbaycanda da xalqın öz dilinə, mədəniyyətinə diqqət yetirməsinə dair təşəbbüslər qaldırılıb. Yerli yazıçı-şairlər, onların dövlət rəhbərliyində təmsil olunan həmkarları (xüsusilə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutan Mirzə İbrahimov) yaranmış tarixi fürsətdən faydalanaraq ana dilimizin dövlət idarələrində geniş istifadə edilməsinə çalışıblar. Əvvəlcə respublika rəhbərliyi buna etiraz etməsə də, sonradan Kremldən gələn basqı nəticəsində rus dilinin təəssübkeşinə çevriliblər və Mirzə İbrahimovu təkləyərək hədəfə çeviriblər.

Həmin illərdə Azərbaycan KP MK-nın iyun plenumunda əslən Goranboy rayonunun Ağamalıoğlu kəndindən olan MK katibi Abdulla Bayramov Mirzə İbrahimovu sərt tənqid edib, ana dilimizi bilmədiklərinə görə bir sıra idarə və müəssisələrdə adamların işdən çıxarılmasına toxunub.

50-ciler.JPG (44 KB)

 Nikita Xruşov                               Abdulla Bayramov                     Mirzə İbrahimov

A.Bayramovun çıxışının bir məqamı xüsusilə diqqətəlayiqdir. O deyib: “Biz, bütün büro üzvləri bu məqalənin (M.İbrahimovun “Azərbaycan dili dövlət idarələrində” yazısı) mətbuatda çıxmasını yekdilliklə pislədik, belə ki, bu məqalə odun üstünə yağ tökdü, yeni ərizələr, yeni anonimlər və sair meydana gəldi. Əgər Bakı əhalisinin 90–95 faizi, heç olmasa 80 faizi azərbaycanlılardan, 5–6 faizi isə qeyri-azərbaycanlılardan ibarət olsaydı, bəlkə hansı dərəcədəsə böyük güzəştlə idarələrin Azərbaycan dilinə keçməsi ilə bağlı söhbətlərə haqq qazandırmaq olardı. Lakin son siyahıyaalmaya görə, Bakıda azərbaycanlılar cəmi 38 faiz, qeyri-azərbaycanlıların nümayəndələri isə 62 faiz təşkil edir. Özü də bu cür milli tərkib yalnız sovet hakimiyyəti illərində Bakının iqtisadi inkişafının gücünə deyil, Bakıda neft sənayesi yarandığı vaxtdan əmələ gəlib. Nə olsun ki, Bakı coğrafi ərazi baxımından Azərbaycanın paytaxtıdır, bizim heç birimiz bunu danmırıq, lakin axı Bakıda Sovet İttifaqının bütün xalqlarının nümayəndələri yaşayırlar”.

Bax, məsələnin bütün anormallığı buradadır. Demək, ötən əsrin ortalarında azərbaycanlılar öz paytaxtlarında, Bakıda azlıqda olublar. MK katibi özü də etiraf edir ki, “qeyri-azərbaycanlılar” Bakıya neft sənayesinin yarandığı vaxtdan axışıb gəliblər. Onlar Bakının aborigen xalqı olmayıblar, ordan-burdan, Ermənistadan, Rusiyadan, Gürcüstandan, Polşadan, İrandan, başqa yerlərdən Bakı neftinin şirəsinə, qoxusuna gəliblər, gəlib Bakıda iş qurublar, varlanıblar, yadellilərdən ibarət burjuaziya oliqarxiyası əmələ gətiriblər. Tiflis tərəflərdə, Qarabağın kəndlərində yaşayan ermənilər kütləvi şəkildə Bakıya köçərək Mantaşovun və digər erməni milyonçuların müəssisələrində işləməyə başlayıblar və 1914-18-ci illərdə artıq Bakını “erməni şəhəri”nə çeviriblər.

Bolşeviklər hakimiyyətə gələndən sonra Bakıya çox sayda slavyan mənşəli mütəxəssislər (hərbçilər, mühəndislər, həkimlər, müəllimlər, teleqrafçılar, mühasiblər və s.) cəlb edilib. Bakı onlar üçün cənnətə çevrilib. Qeyri-azərbaycanlılar burada kökləniblər, bir-birilə qaynayıb-qarışaraq, rus dilini ortaq dillərinə çeviriblər və çoxluq olublar. Məşhur “Bakı milləti” belə yaranıb. Bakının, Abşeronun yerli əhalisi isə əsasən kəndlərdə, şəhərin arxa məhəllələrində öz kasıbçılıqlarını sürdürüblər, bəziləri isə yadellilərin dairəsinə daxil olub.

Ona görə də ötən əsrin ortalarında Bakı Rusiyanın digər şəhərləri kimi “rusdilli şəhər” olub və Kreml yerli kommunistlərə bu status-kvonu dəyişdirmək imkanı verməyib. Bakı həm də buna görə sovet dövründə “qapalı şəhər” elan edilmişdi, ölkənin digər şəhər və rayonlarından gələnlərin Bakıda asanlıqla yerləşməsinə imkan verilmirdi. Onlar pasport qeydiyyatına düşə bilmirdilər. Ancaq neft sənayesində, tikinti kombinatlarında, digər ağır fiziki əmək tələb edən sahələrdə fəhlə çatışmazlığı olduğuna görə hökumət orqanları Bakıda ölkənin digər rayonlarından gələn işçilərin şəhərdə qeydiyyata düşməsinə qismən şərait yaradırdı.

Bundan başqa, elm-təhsil sferasında da yerli kadrlara ehtiyac yaranmışdı. İnstitutları əla qiymətlərlə bitirən məzunların Bakıda qalması, ali təhsil ocaqlarında çalışmağa başlaması zəruri idi. Bunun sayəsində Bakının demoqrafik tərkibi tədricən dəyişirdi.

Bununla belə, Bakı ta 1992-ci ilə qədər “rusdilli şəhər” olaraq qaldı. “Yadelli burjuaziya” ana dilimizin dövlət dilinə çevrilməsinə qarşıydı və zaman-zaman vintləri bərkidirdi.

Dövlət müstəqilliyini əldə etdikdən sonra dil xüsusunda Bakıda yaranmış situasiya isə anormallığın zirvəsidir. İndi Kreml ana dilimizi tam şəkildə dövlət idarələrində tətbiq etməyimizə şaquli şəkildə mane olmur, amma biz özümüz 1 il öncəyə qədər övladlarımızı kütləvi şəkildə rusdilli məktəblərə və ya rus dili bölmələrinə qoyurduq. (Görək, bu i necə olur).

Belə etməklə biz özümüzü ötən əsrin ortalarında Fransadan müstəqillik qazanmış, amma hələ də fransızca danışan, dövlət dilləri fransızca olan Afrika ölkələrinə tay edirik. Bir xalq 34-70 il boyunca özünə gəlməzmi, özünə, öz dilinə hörmət qoymazmı, kölə vərdişlərindən qurtulmazmı?

Bu, artıq mübahisə predmeti olacaq məsələ deyil. Aksiomdur: 1. Milli dövlətçiliyi olan xalq öz dilində danışmalı və təhsil almalıdır, dövləti ana dilində idarə etməlidir; 2. Bu ölkədə yaşayan hər bir şəxs milliyətindən asılı olmayaraq dövlət dilini öyrənməlidir, bilməlidir; 3. Vətən övladları dünyanın ən populyar dillərindən (ingilis, ispan, fransız, alman, rus, Çin) ən azı birini mükəmməl öyrənməlidirlər; 4. Ölkədə, onun paytaxtında başqa dillərdə danışmaq ədabazlığı, özünü başqalarından üstün (elit təbəqədənmiş kimi) göstərmək təkəbbürü, nəhayət, sona çatmalıdır.

Bu sonuncu məsələyə dair bir detalı da qeyd edək. Hazırda ölkədə on minlərlə savadlı gənc var ki, ingilis dilini əla bilirlər, ehtiyac yarandığı təqdirdə həmin dildə məqalə yazır, brifinq keçirir, prezentasiya edirlər, amma ictimai yerlərdə ingilis dilində danışaraq özlərini cəmiyyətdən üstün göstərmirlər.

Xarici dilləri bilərək, ana dilini bilməyən, onu öyrənməyə çalışmayan, bilsə də, danışmayan adamlara gəlincə, onların damğasını Mirzə İbrahimov ötən əsrin ortalarında vurub. Yazıçımız böyük şair Nazim Hikmətlə birlikdə ADU-da (indiki BDU) keçirilən bir toplantıda rəyasət heyətində oturduğu zaman zaldan Nazim Hikmətə ünvanlanmış bir məktub gəlir. Məktubun məzmunu belə olur ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə və Azərbaycan dilində danışmırsa, onu necə adlandırmaq olar. Bu suala Nazim Hikmətin əvəzinə Mirzə İbrahimov cavab verir: “Belə adamı əclaf adlandırmaq olar”.

Dil məsələsi hələ də aktuallığını qoruyursa, demək, Mirzə müəllimin diaqnozu da qüvvədədir.

P.S. Yazıda tarix professoru Cəmil Həsənlinin sosial şəbəkə yaydığı arxiv materiallarından istifadə olunub.

Xalid Kazımlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki