image-reklam-veteninfo
image-heyderbackend

Zəfər salnaməsi: şəhidlərin əziz xatirəsi əbədi yaşayacaq

image-reklam-veteninfo

Heydər Əsədov

Milli Məclisin deputatı

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixdir. Bu gün Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda həyatını itirən bütün şəhidlərimizin qarşısında dərin ehtiramımızı ifadə edirik. Anım Günü həm hüzn, həm də qürur hisslərini özündə birləşdirir. Çünki bu tarix xalqımıza Zəfərin hansı fədakarlıq və itkilər hesabına qazanıldığını xatırladır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, şəhidlərimizin qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı vurğulayıb ki, onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Bu yanaşma Azərbaycan dövlətinin şəhidlərin xatirəsinə münasibətini ifadə edir.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğalı ilə barışmadı. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması xalqımızın yaddaşında dərin iz buraxdı. Azərbaycan uzun müddət münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında və danışıqlar yolu ilə həllinə çalışdı. Lakin uzun illər davam edən danışıqlar real nəticə vermədi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı tarixi dönüşün başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun böyük qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi ilə yadda qaldı.

Müharibədə şəhərlər, qəsəbələr, çoxsaylı kəndlər və strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə Vətən müharibəsinin ən mühüm hadisələrindən biri oldu. İki gün sonra imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.

Bu tarixi Qələbənin əsasını Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı təşkil etdi. Minlərlə hərbçimiz Vətən uğrunda canından keçdi, qazilərimiz ağır yaralandı. Arxa cəbhədə çalışan insanlar, şəhid ailələri və bütövlükdə xalqımız müharibənin bütün ağırlıqlarını birlikdə yaşadı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.

Şəhidlik Azərbaycan xalqının milli-mənəvi dəyərlərində ən uca məfhumlardan biridir. Vətən uğrunda həyatını fəda edən hər bir şəhidin adı Azərbaycan tarixinin şanlı səhifələrində yaşayır. Onların həyat yolu gənc nəsil üçün Vətənə bağlılığın, cəsarətin və fədakarlığın nümunəsidir. Anım Gününün təsis edilməsi də bu tarixi yaddaşın qorunmasına xidmət edir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Həmin gün saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Şəhidlərin xatirəsi yalnız anım mərasimlərində deyil, müxtəlif memorial komplekslərdə və yaddaş məkanlarında da yaşadılır. Bakıda yaradılan Hərbi Qənimətlər Parkı, Zəfər parkı və Zəfər muzeyi Vətən müharibəsinin tarixini gələcək nəsillərə çatdıran mühüm məkanlardır. Burada müharibənin gedişi, Azərbaycan Ordusunun qazandığı Zəfər, şəhid və qazilərimizin qəhrəmanlığı ilə bağlı məlumatlar təqdim olunur.

Şəhidlərin xatirəsinə ehtiramın mühüm göstəricilərindən biri də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısıdır. Müharibədən sonra bu istiqamətdə geniş sosial proqramlar həyata keçirilib. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qazilərin müalicəsi və reabilitasiyası, məşğulluğunun təmin edilməsi, protezlərlə təminat və digər sosial tədbirlər ardıcıl şəkildə davam etdirilir. “YAŞAT” Fondunun fəaliyyəti də şəhid ailələrinə və qazilərə dəstəyin mühüm istiqamətlərindən biridir. Bu tədbirlər şəhidlərimizin ailələrinin daim dövlətin diqqətində olduğunu nümayiş etdirir.

Şəhidlərimizin uğrunda canlarından keçdiyi torpaqlarda bu gün yeni həyat qurulur. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən salınır, yollar və digər infrastruktur obyektləri inşa edilir, məktəblər və sosial müəssisələr yaradılır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Zəfərin mühüm nəticələrindən biridir. Bu baxımdan Anım Günü yalnız keçmişi xatırlamaq deyil, həm də şəhidlərin əmanət etdiyi Vətənin gələcəyinə nəzər salmaqdır. Azad edilmiş torpaqlarda qurulan yeni həyat şəhidlərin arzularının gerçəkləşməsinin ən aydın ifadələrindən biridir.

27 sentyabr hər bir azərbaycanlı üçün milli yaddaş və ehtiramı təcəssüm etdirir. Bu tarix bizə xatırladır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin adı heç vaxt unudulmayacaq. Onların qəhrəmanlığı xalqımızın yaddaşında yaşayacaq, nəsildən-nəslə ötürüləcək. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki