image-reklam-veteninfo
image-1backend

95 nömrəli məktəbdə ciddi sanitar problem: 5-ci sinif şagirdləri bir həftədir dərsə getmir – VALİDEYNLƏR ŞİKAYƏTLƏNİR

image-reklam-veteninfo

Vətəninfo.az redaksiyasına 95 nömrəli tam orta məktəbdə yaranmış ciddi problemlə bağlı valideynlər tərəfindən müraciət daxil olub.

Valideynlərin sözlərinə görə, artıq bir həftədir məktəbin 5-ci sinfində təhsil alan şagirdlər dərsə getmirlər. Buna səbəb kimi isə məktəbin tualetlərində yaranmış ağır qoxu və sanitar vəziyyətin qənaətbəxş olmaması göstərilir.

Valideynlər bildirirlər ki, tualetlərdəki xoşagəlməz qoxu sinif otaqlarına qədər yayılır. Nəticədə uşaqların dərs zamanı sinifdə normal şəkildə oturması və təhsil alması çətinləşib.

Müraciətdə qeyd olunur ki, valideynlər yaranmış problemlə bağlı məktəb rəhbərliyinə məlumat veriblər. Lakin onların iddiasına görə, məktəbin direktoru problemin həlli ilə bağlı “usta tapın, remont etdirin, dövlət bizə vəsait ayırmır” cavabını verib.

Valideynlər isə bu yanaşmadan narazıdırlar. Onlar hesab edirlər ki, dövlət məktəbində sanitar qovşaqların vəziyyətinin yaxşılaşdırılması və şagirdlər üçün sağlam, təhlükəsiz təhsil mühitinin yaradılması valideynlərin üzərinə qoyulmamalıdır.

“Biz valideyn olaraq soruşuruq: dövlət məktəbində tualetlərin təmiri və uşaqlar üçün normal şəraitin yaradılması niyə valideynlərin üzərinə düşməlidir? Uşaqların sağlam və təhlükəsiz şəraitdə təhsil alması təmin edilməlidir”, – deyə valideynlər bildiriblər.

Valideynlərin narazılığını artıran digər məqam isə 5-ci sinif şagirdlərinin artıq bir həftədir dərsə getməməsinə baxmayaraq, problemin səbəbi ilə bağlı aidiyyəti şəxslərin ciddi maraqlanmaması ilə bağlıdır.

Onların sözlərinə görə, şagirdlərin niyə dərsə gəlmədiyi, hansı problemlə üzləşdiyi və tədris prosesinin niyə pozulduğu araşdırılmalıdır.

Valideynlər Vətəninfo.az-dan xahiş edirlər ki, məsələni yerində araşdırsın, məktəbdəki sanitar vəziyyətlə bağlı çəkiliş aparılsın və mövcud problemlər ictimaiyyətə çatdırılsın.

Eyni zamanda, məsələyə aydınlıq gətirilməsi üçün aidiyyəti qurumlara müraciət edilərək 95 nömrəli məktəbdə yaranmış sanitar problemin səbəbləri, məktəbin bu vəziyyətdə olması və problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı açıqlama alınması gözlənilir.

Vətəninfo.az olaraq məsələni diqqətdə saxlayacaq, aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki