Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasət istiqamətini müəyyənləşdirməli və Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməlidir.
Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Ermənistanın Aİ-yə tədricən yaxınlaşması Aİİ çərçivəsindəki öhdəliklərlə ziddiyyət təşkil edə bilər.
“Aİ-yə tədricən yenidən yönəlmə Aİİ-nin maraqları ilə uyğun gəlməyəcək. Seçim etməyin vacib olduğunu deyəndə məhz bunu nəzərdə tuturuq”, – deyə Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Ermənistanın suveren hüquqlarına hörmət edir. Bununla yanaşı, onun sözlərinə görə, Aİİ-yə üzvlük müəyyən öhdəliklər yaradır və Ermənistan bu öhdəlikləri nəzərə almalıdır.
Peskov həmçinin Nikol Paşinyanın Moskvaya mümkün səfəri ilə bağlı danışıb. O bildirib ki, səfərin dəqiq tarixi hələ razılaşdırılmayıb, lakin Ermənistan hökumət başçısının yaxın gələcəkdə Moskvaya səfəri mümkündür.
Qeyd edək ki, ötən həftə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyan Ermənistanın Aİİ və Aİ ilə münasibətlərini, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Məlumata görə, Putin Paşinyanı ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərini müzakirə etmək üçün Moskvaya dəvət edib.


























