Rusiya, Sxinvali və Abxaziyaya Gürcüstandan hücum etməməyə dair hüquqi baxımdan məcburi təminatların verilməsini tələb edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 23-də Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin işğal olunmuş Abxaziyanın qondarma xarici işlər naziri Oleq Bartsits və işğal olunmuş Sxinvali bölgəsinin qondarma prezidentinin müşaviri Konstantin Koçiyevlə görüşüb.
Bəyanatda qeyd olunur ki, görüş zamanı Abxaziya və Cənubi Osetiyada təhlükəsizliyin təmin edilməsi məsələsinin prioritet olduğu vurğulanıb:
“Rusiya, Suxumi və Sxinvalinin əminliyinə görə, bu əsas vəzifənin həlli Tbilisinin iki gənc respublikaya qarşı güc tətbiq etməməsinə dair hüquqi baxımdan məcburi təminatların hazırlanması, həmçinin Gürcüstan–Abxaziya və Gürcüstan–Cənubi Osetiya dövlət sərhədlərinin delimitasiyası və sonrakı demarkasiyası olmadan mümkün deyil”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Moskva Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyır. Gürcüstan isə bu əraziləri Rusiya tərəfindən işğal edilmiş regionlar hesab edir.


























