Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçiriləcək.
Veteninfo.az-ın məlumatına görə, “Neftçi” “Sabah” klubunun qonağı olacaq. Masazırdakı “Bank Respublika Arena”da oynanılacaq görüş saat 16:00-da başlayacaq. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
“Bakcell Arena”dakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1. Səfər qolu qaydası ləğv olunduğundan, iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, yarımfinala yüksələn komanda əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”
Qeyd edək ki, 1/4 finalın digər 2 cavab oyunu fevralın 13-də baş tutacaq. “Qəbələ” evdə “Sumqayıt”ı, “Səbail” isə “Zirə”ni qəbul edəcək. “Sabah” – “Neftçi” cütünün qalibi yarımfinalda “Səbail” – “Zirə” duelinin güclüsü ilə üz-üzə gələcək.
Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə “Keşlə”ni 6:0 hesabı ilə darmadağın edən “Qarabağ” olub. Ağdam komandası isə növbəti mərhələdə “Qəbələ” – “Sumqayıt” cütünün ən yaxşısı ilə qarşılaşacaq.