Bu gün Çinin paytaxtı Pekində XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Pekin Milli Stadionunda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Oyunlarda 91 ölkədən ümumilikdə 3 minə yaxın idmançı iştirak edəcək. Yarışda 15 idman növü üzrə 109 dəst medal veriləcək. “Tonq Ksin” (“Hamı bir nəfər kimi birlikdə”) adlanan medalların bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.
Koronavirus pandemiyası ilə bağlı Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar. Çin olimpiadanın rəsmən açıq elan olunması ilə birlikdə Yay (2008) və Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş ölkə kimi tarixə düşəcək.
Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək – fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova. Komandanın bayraqdarı olan Litvinsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq, Ryabova isə – fevralın 15-i və 17-də. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.