image-ga7backend

“COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı Bakı Forumu keçirilib

image-reklam_sirab_01

 20 noyabr 2024-cü il tarixində Milli QHT Forumunda “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı Bakı forumu keçirildi. Bu forumun məqsədi iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın qeyri-hökumət təşkilatlarının rolunu artırmaqdan ibarətdir. Forum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə, “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildi. Açılış mərasimində iştirak edənlər Azərbaycan Dövlət Himnini səsləndirdilər və şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad etdilər. Layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova tədbirin mahiyyətini vurğulayaraq, iqlim dəyişikliyi ilə mübarizənin gənclər üçün vacibliyini qeyd etdi. O bildirdi ki, bu kimi tədbirlər gənclərimizin bilik və bacarıqlarını artırmağa, ekoloji problemlərə daha dərindən yanaşmağa kömək edir. Açılış çıxışları çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev iqlim dəyişikliyinin qlobal təsirlərini vurğulayaraq, “Bu forum, bizim gənclərin iqlim mübarizəsinə olan münasibətini gücləndirmək və onların bu sahədəki iştirakını artırmaq üçün mükəmməl bir fürsətdir,” dedi.

“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov ölkəmizin ekoloji siyasətinin və bu sahədə atılan addımların əhəmiyyətini vurğuladı. “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyev gənclərin iqlim hərəkatında aktiv iştirak etməsinin əhəmiyyətini qeyd edərək, “Gənclərin səsi, bizim gələcəyimizi formalaşdıracaq. İqlim dəyişikliyi ilə mübarizədə gənclərimizi daha da irəlilətməliyik,” dedi. Həmçinin layihə çərçivəsində Azərbaycana Qana Respublikasının VolCare Fondunun direktoru Bless Drefenu və icraçı direktor Egbenya Justine Akpene “Dayanıqlı Kənd Təsərrüfatı, Su Ehtiyatlarından Səmərəli İstifadə və Qida Təhlükəsizliyi” adlı paneldə öz ölkələrinin təcrübələrini paylaşaraq, dayanıqlı inkişaf məqsədləri çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması İdarəsinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin məsləhətçisi Aytac Xələfli çıxış edərək bildirib ki, milli parklar bizim təbii irsimizin ən dəyərli hissəsidir. Bu ərazilər ekosistemlərin qorunması, bioloji müxtəlifliyin inkişafı və təbii resurslardan dayanıqlı istifadənin təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycanda milli parkların qorunması üzrə həyata keçirilən tədbirlər qlobal iqlim dəyişikliyinə uyğunlaşma prosesinin mühüm tərkib hissəsidir.

Sual-cavab sessiyasında, forum iştirakçıları panelistlərə suallar ünvanlayaraq, iqlim dəyişikliyi və sosial məsuliyyət mövzularında aktiv müzakirələr apardılar. Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi. Forum, iştirakçıların qlobal iqlim hərəkatında daha fəal rol almasına dair bilik və resursları təmin etdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image