Gəncləri ölkənin gələcək inkişafının aparıcı qüvvəsi kimi dəyərləndirən dövlətimiz, onların
intellektual potensialının üzə çıxarılması, milli və müasir dəyərlər əsasında yetişdirilməsi,
cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi istiqamətində
mühüm siyasət aparır.
Bu fikirləri AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr
olunmuş tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səsləndirib.
Akademik İsa Həbibbəyli bildirib ki, müstəqil Azərbaycanın gənclər siyasəti Ulu Öndər
Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyasının mühüm tərkib hissəsi olaraq formalaşıb
və davamlı inkişaf yoluna qədəm qoyub. Bu gün Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi gənclər siyasəti müasir çağırışlara cavab verən, innovativ yanaşmalara əsaslanan və
gənclərin hərtərəfli inkişafını təmin edən dövlət strategiyasının mühüm tərkib hissəsidir.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, gənclərin təhsil, elm, mədəniyyət,
idman və digər sahələrdə potensiallarını tam reallaşdırmasına geniş imkanlar açır. Eyni
zamanda Azərbaycan gəncləri beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edərək
milli maraqlarımızın müdafiəsində fəal iştirak edirlər. Elmi və texnoloji inkişafı dəstəkləyən
proqramlara, təşəbbüslərə verilən dövlət dəstəyi gənclərin öz bilik və bacarıqlarını daha yüksək
səviyyədə tətbiq etmələrinə zəmin yaradır.
Akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının da ölkədə elmi potensialın
inkişafına və gənc tədqiqatçıların yetişdirilməsinə mühüm töhfələr verdiyini qeyd edib.
Akademiyanın gənclərin elmi fəaliyyətə cəlb olunmasına, onların tədqiqat imkanlarının
genişləndirilməsinə və müasir elmi nailiyyətlərə inteqrasiyasına xüsusi diqqət yetirdiyini
deyib: “Gənc alim və mütəxəssislərin uğurları yalnız onların şəxsi nailiyyəti deyil, eyni
zamanda Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır. Bu mənada gənclərin
dissertasiya işlərinin müdafiəsi təmin edilməli, ortaya çıxan müəyyən çətinliklər vaxtında
aradan qaldırılmalıdır”.
Bu gün gənc alimlərin dövlətin onlara göstərdiyi etimadı yüksək nailiyyətləri ilə
doğrultduğunu, müasir çağırışlara cavab verən bilik və bacarıqları ilə ölkənin dayanıqlı
inkişafına töhfə verməkdə davam etdiklərini vurğulayan AMEA prezidenti bu günlərdə
Akademiyada “İlin gənc alimi” mükafatı üçün müsabiqə keçirildiyini diqqətə çatdırıb.
Müsabiqənin nəticələrinə əsasən, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi
filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynova AMEA-nın “İlin gənc alimi” mükafatının
diplomu və pul mükafatına layiq görülüb. AMEA-nın Rəyasət Heyəti aparatının vitse-
prezidentinin xidmətində baş mütəxəssis Zeynəb Həcəmova, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Telli Əliyeva, akademik Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Asim Cənnətov, akademik Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Şahanə Şahbazova, Arxeologiya və
Antropologiya İnstitutunun elmi işçisi doktorant Günay Bayramova, Fəlsəfə və Sosiologiya
İnstitutunun kiçik elmi işçisi dissertant Nigar İsmayılova, AMEA-nın Naxçıvan Bölməsi
Əlyazmalar Fondunun elmi işçisi Kubra Vəliyeva, Şəki Regional Elmi Mərkəzinin elmi işçisi
Gəncə Bölməsinin şöbə müdiri dissertant Simuzər Qafarlı, keçmiş Qafqazşünaslıq İnstitutunun
elmi işçisi dissertant Şərqiyyə İmaməli və Mərkəzi Elmi Kitabxananın baş mütəxəssisi siyasi
elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva AMEA-nın “İlin gənc alimi” nominasiyası üzrə
qalib olublar.
Tədbirdə, həmçinin 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalarda (Web of Science və
Scopus) ən çox məqalə nəşr etdirən, eləcə də məqalə sayına görə ilk üç yeri tutan elmi
əməkdaşların adları səsləndirilib ki, onlara da Rəyasət Heyətinin müvafiq qərarı üzrə nəzərdə
tutulan pul mükafatları verilib. AMEA üzrə ən çox elmi məqalə çap etdirənlər arasında birinci
yeri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, ikinci yeri müvafiq olaraq
Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli,
Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru
Dmitriy Kriçenko və Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi
filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl, üçüncü yeri isə Arxeologiya və Antropologiya
İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov tutublar.
Akademik İsa Həbibbəyli müsabiqənin qalibi olan gənclərə Azərbaycan Milli Elmlər
Akademiyasının “İlin gənc alimi” mükafatı diplomlarını və 2024-cü il ərzində nüfuzlu
elmmetrik bazalarda ən çox məqalə nəşr etdirən əməkdaşlara mükafatlarını təqdim edib.
Daha sonra Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmlər doktoru Hüseyn Hüseynov,
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya elmləri üzrə fəlsəfə doktoru
Elmir Babayev, Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə
doktoru Elnurə Hüseynova, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kiçik
elmi işçisi Asim Cənnətov, Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd
Babayev və başqaları çıxış edərək son illərdə AMEA-da gənclərə yaradılan imkanların daha da
genişləndirildiyini, onların elmi inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, AMEA-
nın prezidenti akademik İsa Həbibbəylinin gənclərə həmişə yüksək diqqət və qayğı
göstərdiyini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, dövlətimizin elmin inkişafına verdiyi yüksək qiymətin təzahürü olaraq, bu
mükafatlara layiq görülmək təkcə bir fəxr deyil, eyni zamanda böyük məsuliyyət və gələcək
elmi fəaliyyət üçün stimul mənbəyidir.
Sonda akademik İsa Həbibbəyli 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc alim
və mütəxəssisləri səmimi qəlbdən təbrik edib, gənclərin bilik və innovasiyaya əsaslanan
uğurlarının ölkənin elmi inkişafına töhfə verəcəyinə inandığını bildirib. Bu yolda onlara
yorulmaz əzmkarlıq, geniş perspektivlər və nailiyyətlər arzulayıb.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının
direktorları, gənc alim və mütəxəssislər iştirak ediblər.