image-reklam-veteninfo
image-1backend

Dəməşqin yeni təhlükəsizlik xətti: Suriya regional müdafiə ittifaqına üz tuta bilər

image-reklam-veteninfo

Suriya Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı müdafiə alyansına qoşulmaq imkanını nəzərdən keçirir. Bu barədə ölkənin xarici işlər naziri Əsəd əl-Şibani Bəhreyndə keçirilən Manama Dialoqu beynəlxalq konfransında açıqlama verib.

“Anadolu” agentliyinin məlumatına görə, Suriyanın Məkkə Müdafiə Paktına mümkün üzvlüyü ilə bağlı hazırda müzakirələr aparılır.

Əsəd əl-Şibani bildirib ki, Suriyanın bu alyansa qoşulması məsələsi qiymətləndirilir. Onun sözlərinə görə, Suriya regional təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir və bölgədə sabitliyin təmin edilməsinə xidmət edən təşəbbüsləri dəstəkləməyə hazırdır.

Nazir, həmçinin, regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə müdafiə və çəkindirmə mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan 2026-cı ilin avqustunda üçtərəfli müdafiə sazişi imzaladıqlarını elan ediblər. Sazişə əsasən, iştirakçı dövlətlərdən birinə qarşı silahlı hücum digər iki ölkəyə də hücum kimi qiymətləndiriləcək.

Müqavilə hərbi və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsini, hərbi qulluqçuların birgə təlimlərini və müdafiə sənayesi müəssisələri arasında əlaqələrin inkişafını nəzərdə tutur.

Dəməşq hələlik alyansa qoşulmaqla bağlı rəsmi qərar qəbul etməyib. Avqust ayında Əsəd əl-Şibani Suriyanın bu məsələni araşdırdığını və müvafiq qərarın daha sonra veriləcəyini bildirmişdi.

Suriyanın mümkün üzvlüyü 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ölkənin yeni rəhbərliyinin regional güclərlə siyasi və təhlükəsizlik əlaqələrini möhkəmləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki