“Hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 3 trilyon kubmetrə yaxındır, amma proqnozlaşdırılanlar təbii ki, bu göstəriclərdən artıqdır. Perspektivdə də yeni qaz yataqlarının işlənməsi, o cümlədən də Xəzərin dibinin bölüşdürülməsi, mübahisəli qaz yataqlarında olan problemlərin həlli və istifadəyə verilməsi zamanı qaz ehtiyatlarının daha da artacağı gözlənir. Bu da təbii olaraq təkcə Azərbaycanın daxili tələbatının ödənilməsinə deyil, eyni zamanda da Avropanın enerji təhlükəzisliyinin daha sistemli və əhatəli qorunmasında əhəmiyyətli rol oynayacaq”.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov “Report”a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri zamanı NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Cənab Prezidentin son Avropa səfərində vurğuladığı kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Azərbaycanın bu rolu günün gündən artmaqda davam edir”, – ekspert qeyd edib.
E.Əmirov hesab edir ki, neft-qaz sənayesində dövlət səviyyəsində aparılmış uğurlu siyasət, ötən əsrdə və bu əsrdə qeyd edilən sahələrdə bağlanmış müqavilələr Azərbaycanın təhlükəsizlik sahəsində rolunun artmasına səbəb olub.
“Qeyd etmək istəyirəm ki, Azərbaycanın “Şahdəniz” qaz yatağı və “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayan komponentlərdəndir. Bildiyiniz kimi Cənub Qaz Dəhlizi (CQD) Avropanın enerji təhlükəsizliyi sahəsində, daha dəqiqi qazla təminatı sahəsində mühüm rol oynayan enerji dəhlizidir. Bu dəhliz özündə 4 hissəsini birləşdirir. Bunlar “Şah Dəniz-2” layihəsi, Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihələridir.
Nəzərə almaq lazımdır ki, məhz CQD Türkiyədən və Yunanıstandan keçərək İtaliyaya çatıb və bu kəmərə Albaniya və Bolqarıstan da qoşulur. Bundan əlavə olaraq gələcəkdə bura Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da daxil olaraq İtaliyanın özünün də enerji təhlükəsizliyində bu rol getdikcə artacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə səfəri zamanı bir sıra görüşlər keçirib. NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edə İlham Əliyev bir sıra mesajlar verib.
Ölkə başçısı NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal etdiyini, 4 ölkənin isə əsas qaz idxalçısı olduğunu qeyd edib:
“Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik”.