“Düşünürəm ki, biz əlimizdən gələni etməyə çalışmalıyıq, 7 ildən sonra qazandığımız parlaq qələbəni Bakıda təkrarlayacağıq və var gücümüzlə çalışacağıq ki, kubok burada qalsın, Bakıdan qırağa getməsin”.
Veteninfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli aprelin 8-də Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.
Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal əldə edən idmançı 5-6 noyabrda Bakıda Dünya Kubokunun keçiriləcəyini xatırladıb: “İlk dəfə 2015-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində dünya kubokunun sahibi olmuşduq. Artıq son qələbəmizdən 7 il keçir”.
E.Əzizli Budapeştdəki yarışda 10 yunan-Roma güləşçisindən 8-nin medal əldə etdiyini sözlərinə əlavə edib: “Onlardan iki qızıl medal, bir gümüş və beş bürünc medalla ümumilikdə 165 xal toplayaraq yunan-Roma güləşi tarixində yeni bir rekorda imza atdıq. İlk dəfə idi ki, yunan-Roma güləşi millimiz komanda hesabında Avropa çempionu oldu. Həqiqətən də bu yarış bizim üçün rekordlarla əlamətdar bir yarış oldu. Möhtərəm Prezident, mən də yunan-Roma güləşi milli komandası adından bizim qazandığımız qələbələri yüksək qiymətləndirdiyiniz üçün Sizə öz minnətdarlığımızı bildiririk. Bizi qəbul etdiyiniz üçün bir daha Sizə öz minnətdarlığımızı bildiririk. Diqqətiniz üçün sağ olun”.
Prezident İlham Əliyev Eldəniz Əzizlini görkəmli idmançılardan olduğunu deyib: “O, ikiqat Avropa və dünya çempionudur. Ona görə əminəm ki, gələcəkdə də bizi sevindirəcək”.