Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri davam edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Əlibala Məhərrəmzadənin seçki qərargahından məlumat verilib.
Əlibala Məhərrəmzadə Qubanın bütün ucqar kəndlərini gəzərək seçicilərinin fikirlərini öyrənir, onlarin sosial problemləri ilə maraqlanır. Əlibala Məhərrəmzadəni seçki qərargahının üzvləri də mütamadi olaraq seçicilərin təklif və şikayətlərini dinləyir.
Artıq təbliğat-təşviqat mərhələsinin son günləridir. Əlibala Məhərrəmzadə avqustun 26-da da görüşlər keçirib. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Əlibala Məhərrəmzadə Alekseyevka kəndində seçicilərlə görüşüb. Hakim Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında seçicilərinə məlumat verən Əlibala Məhərrəmzadə btün seçicilərini 1 sentyabrda seçki məntəqələrinə dəvət edib. Görüşdən sonra deputatlığa namizəd Alekseyevka kəndində Şəhid Məmmədov Ülvi Vüqar oğlunun xatirə kompleksini və ailəsinə ziyarət edib. Günün ikinci yarısında Əlibala Məhərrəmzadə seçki qərargahının üzvləri ilə birlikdə Zizik kəndindəki seçicilərlə görüşüb. Görüşdə seçicilərinin problemləri ilə maraqlanan Əlibala Məhərrəmzadə bütün problerin həlli yolunda vacib addımlar atacağını qeyd edib.
Görüşlərdə Yeni Azərbaycan Partiyasının Quba Rayon təşkilatının sədri Fidan Hüseynova da iştirak edib. Hakim partiyanın Quba Rayon təşkilatının sədri bildirib ki, ötən dövr ərzində YAP sübut edib ki, ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır: “Əminik ki, parlament seçkilərində də xalqımız YAP-ın namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaq”.
F.Hüseynova Əlibala Məhərrəmzadənin layiqli namizəd olduğunu bildirərək seçiciləri ona səs verməyə çağırıb.