Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 59 saylı Quba Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Əlibala Məhərrəmzadənin seçicilərlə görüşləri davam edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Əlibala Məhərrəmzadənin seçki qərargahından məlumat verilib.
Əlibala Məhərrəmzadənin bu görüşündə böyük izdiham yaşanıb. Yüzlərlə seçici Əlibala Məhərrəmzadəni böyük coşqu və alqışlarla qarşılayıb.
Görüş Azərbaycanın dövlət himninin oxunması və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Görüşdə Yeni Azərbaycan Partiyasının Quba Rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, ötən dövr ərzində YAP sübut edib ki, ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır: “Əminik ki, parlament seçkilərində də xalqımız YAP-ın namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaq”. F.Hüseynova Əlibala Məhərrəmzadənin layiqli namizəd olduğunu bildirərək seçiciləri ona səs verməyə çağırıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Quba rayon qərargahının üzvü, ziyalı Laçın Səfərəliyev bu seçkinin qubalılar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Laçın Səfərəliyev qeyd edib ki, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Əlibala Məhərrəmzadə Qubada gördüyü işlərlə hər kəsə nümünədir.Daha sonra əməkdar mədəniyyət işçisi, jurnalist Elza Orucova çıxış edərək qubalıları Əlibala Məhərrəmzadəyə səs verməyə səsləyib.
Daha sonra söz Əlibala Məhərrəmzadəyə verilib. Deputatlığa namizəd Yeni Azərbaycan Partiyasının platforması haqqında məlumat verib. Əlibala Məhərrəmzadə YAP tərəfindən 59 saylı Quba seçki dairəsindən namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, YAP tərəfindən ona böyük etimad göstərildiyini və qubalı seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd edib.
Əlibala Məhərrəmzadə Qubanın sosial lahiyələrin həyata keçirilməsi, turizm potensialının inkişafı üçün bütün qubalıları 1 sentyabrda keçiriləcək seçkidə aktiv iştirak etməyə çağırıb.