image-062000034626backend

Ərdoğanın elan etdiyi “Altılıq Platforması” gerçəkdirmi?

image-reklam_sirab_01

Ötən il dekabrın 10-da Bakıda qələbə paradında səsləndirilən “Altılıq platforması” bu dəfə iyunun 15-də Şuşada Türkiyə prezidenti tərəfindən səsləndirildi. Xüsusən də bu platformanın Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanmasından sonra yenidən dilə gətirilməsi həm də o deməkdir ki, Türkiyə həmsərhəd dövlətlərin maraqlarını nəzərə alır və regionda qarşıdurmanın olmasını istəmir. Və bu platformanın reallaşmasında israrlıdır, maraqlıdır. Bəs regionda belə bir platformanın baş tutması nə dərəcədə realdır?

Veteninfo.az xəbər verir ki, siyasi şərhçi Nəsimi Məmmədli platforma ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

image-062000034627

Nəsimi bəy, Rəcəb Tayyip Ərdoğan  iyunun 15-də Şuşada Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın iştirakı ilə 6 ölkənin Platforması çərçivəsində regional inkişafdan yenidən söz açıb. Sizcə, bu altılıq platformanın əməkdaşlığını necə qiymətləndirirsiz?

-Hazırda regional əməkdaşlıqda bütün region dövlətləri eyni dərəcədə maraqlı olmasa da belə bir formatın zəruriliyini hamısı anlayır. Regionda mövcud münaqişələrin həllinə, regionun təhlükəsizliyinə, sabitliyinə və inkişifına nail olmaq geniş regional əməkdaşlıq formatından keçir. Postsovet məkanında hərbi-siyasi münaqişələrin həlli ilə bağlı uzun müddət ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO ilə əməkdaşlıq heç bir irəliləyişə səbəb olmadı.  Xüsusilə də Cənubi Qafqaz respublikaları üzərində Rusiyanın təsirləri zəifləmədi. Artıq bu reallıqlara uyğun müxtəlif iqtisadi, ticarət, siyasi əməkdaşlıq imkanları nəzərdən keçirilir. Uzunmüddətli olmasa da regional maraqların müvəqqəti uzlaşdırılması üzərində qurulmuş əməkdaşlıq formatlarına ehtiyac yaranıb. Eyni zamanda daha qlobal siyasi-iqtisadi proseslərə, geosiyasi rəqabətə hazırlıq zərurəti yaranıb.

Bu platformaya digər ölkələrin, xüsusilə də Azərbaycan-Türkiyə yaxınlaşmasında maraqlı olmayan Rusiya, İran və Ermənistanın münasibətləri maraqlıdır. Onlar belə bir platformaya isti yanaşacaqlarmı?

– Regionda tədricən yaranmış bu balansı radikal şəkildə pozmaq artıq xeyli dərəcədə çətindir. Buna qısqanc yanaşmalar olsa da tərəflər reallıqla barışacaq.
Rusiya iqtisadi-siyasi baxımdan zəifləyir. Mövcud şəraitdə Cənubi Qafqazda Türkiyənin və İranın iştirakı olmadan Qərblə təkbaşına rəqabət apara bilməyəcəyini anlayır. Ümumiyyətlə Qafqaz regionunda gələcək sabitlik naminə region dövlətləri ilə yeni balansın və ittifaqın yaranmasına ehtiyatlı olsa da maraq göstərir. Faktiki olaraq, ABŞ-ın timsalında bütövlükdə Qərbi regiondan kənar saxlamaq prosesində təkbaşına qalib gəlməsi çətindir. Ona görə region dövlətlərinin Cənubi Qafqazda  iştirakı ilə bu və ya digər şəkildə barışmalı olub.Heç İran da belə bir regional əməkdaşlıqdan imtina etməz. Beynəlxalq sanksiyalar İranı sosial-siyasi baxımdan sıxır. Şimal-qərb sərhədlərində kənar dövlətlərin siyasi-hərbi iştirakını arzulamır. Ənənəvi qonşuları ilə yeni münasibətlər ona da faydalı ola bilər. Eyni zamanda həm Rusiyanın, həm də İranın Ermənistanla strateji, hərbi-siyasi münasibətləri var. Odur ki Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri onlar üçün yeni məsələ deyil.Burada əsas problem Ermənistan-Azərbaycan, Gürcüstan-Rusiya münasibətlərindəki ziddiyyətlərdir. Bu problemin necə həll olunacağını yaxın vaxtlarda dəqiq demək mümkün olacaq.

Sizcə, bu platforma daha çox region ölkələrinin sabitliyi və təhlükəsizliyi üçün vacibdir, yoxsa iqtisadi əlaqələr baxımından? Yəni iqtisadi əlaqələr dedikdə region ölkələrinin iqtisadi cəhətdən güclənməsi, inkişaf etməsi nəzərdə tutulur.

-İlk növbədə sabitlik və təhlükəsizlik baxımından müsbət qiymətləndirilə bilər. Xüsusilə də regiondakı münaqişələrin danışıqlar yolu ilə həllinə yeni fürsətlər açmış olar. Mümkün resurslarla iqtisadi-ticarət münasibətləri də faydalı ola bilər. Xatırlayırsınızsa, 1997-ci ildə GUAM ( Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) adlı regional qurum yaranmışdı. O qurumun məqsədləri Rusiyadan qorunmaq, daha çox Avropa Şurasına tam üzvlüyə can atan 4 post-sovet ölkəsinin siyasi-təhlükəsizlik maraqlarından doğmuşdu. Amma sonrakı mərhələlərdə GUAM-ın aqibəti çox da uğurlu olmadı. Xüsusilə Rusiyanın da Avropa Şurasına tam üzvlüyündən sonra bu dövlətlər tədricən müstəqil şəkildə siyasət yürütmək xəttini götürdülər və GUAM gündəmdən çıxdı.Hazırda SSRİ-nin dağılmasından 30 il sonra postsovet məkanında həm siyasi-təhlükəsizlik maraqlarının, həm də iqtisadi-siyasi və başqa əlaqələrin yenidən təşkili prosesi gedir.

Bu platforma haqqında fikir bildirən bəzi ekspertlər bildirirlər ki, platformanın müsbət tərəfləri olsa da, bu, regionda avtoritar hakimiyyətlərin bir-birini dəstəyinə də gətirib çıxaracaq. Regionda bir Gürcüstanı çıxmaq şərti ilə qalan 5 ölkədə hakimiyyətlər avtoritar olaraq qiymətləndirilir. Bu qiymətləndirməyə önəm verən ekspertlər region ölkələrində avtoritarizmin güclənəcəyindən əndişələnirlər. Sizcə, bu narahatlığa əsas varmı?

Reallıq budur ki regionda güclü avtoritar rejimlər var. Onlar istənilən halda müxtəlif şəkildə əməkdaşlıq edirlər və edəcəklər. Bu format olmasa belə onlar hazırda bir-birinə qarşılıqlı dəstək verə bilir. Avtoritar rejimlər üçün  real təhlükə yaranarsa, onun qarşısını regional birliklərin gücü ilə almaq asan olmayacaq. Xüsusilə də Rusiya və İrana qarşı ABŞ-ın, bütövlükdə Qərbin siyasi təzyiqlərini, iqtisadi sanksiyalarını belə əməkdaşlıqlar zəiflədə bilməyəcək. Xüsusi narahatlığa əsas görmürəm.

Qərbin bu platformaya münasibəti də maraqlıdır. Burda Qərblə daim münasibətlərində soyuq küləklər əsən Rusiya və İran var. Türkiyə ilə də Qərbin çox isti münasibətlərinin olduğunu söyləmək olmaz. Azərbaycanla münasibətlər hələ indi-indi isinməyə başlayır. Üstəlik, bu platformada yer alması planlaşdırılan ölkələrdən üçü Avropa Birliyinin Şərq tərəfdaşlığında yer alan ölkələrdir. Bu baxımdan Qərbin bu platformaya münasibəti necə olacaq?

Qərbin bu platformaya isti yanaşmasını gözləməyə dəyməz. Lakin belə bir platformanın yaranması Qərbin region dövlətləri ilə əməkdaşlığına da xüsusi əngəl yaratmır.Əgər 1990-cı illərdən etibarən regionda daha çox Rusiyanın dominatlığı və Fransanın timsalında Qərbi Avropa və ABŞ iştirak edirdisə, indi artıq yeni ikitərəfli regional əlaqələr genişlənib. Azərbaycan Türkiyə və Gürcüstanla çox sıx münasibətlərdədir, kifayət qədər hərbi-siyasi yaxınlıq var və strateji müttəfiqdirlər.  Regionun başqa güclü dövləti olan İran Ermənistan və Azərbaycana, həm də Gürcüstana təsir göstərə bilir. Ona görə regionda yeni dəngələr yaranıb.Azərbaycan Türkiyə ilə necə yaxın münasibətdədirsə, Gürcüstan və Ermənistan da daha çox Qərbi Avropaya yaxınlaşmaq istiqamətində fəaliyyət göstərir. Onların əsas siyasi-strateji xətti bu vektor üzərindədir.ABŞ Cənubi Qafqaz siyasətində hansısa dövləti ayrıca xüsusi himayə etmək siyasətindən uzaq olub. Fikrimcə, hələlik bu siyasətini davam etdirəcək. Lakin ABŞ-ın öz əsas rəqibləri kimi gördüyü Rusiya və İranın, eləcə də hazırda münasibətləri qismən soyuq olan Türkiyənin bu regionda fəallığını sakit seyr edəcəyi də inandırıcı deyil. Xüsusilə də demokratik proseslərə açıq və güclü dəstək verməklə yeni situasiya yarada bilər.

Ərdoğan qeyd edib ki, Tbilisi və Yerevan hələlik bu məsələdə müsbət siqnal verməyib. Son olaraq, siz bu prosesi və əməkdaşlığı necə görürsüz? Bu platforma reallaşacaqmı? Reallaşacaqsa, çətinliklər necə dəf olunacaq və ya necə dəf olunmalıdır?

Ərdoğan regionun ən nüfuzlu liderlərindən biri kimi bu prosesdən ciddi nəticə almağa çalışacaq. Hətta Qərb müttəfiqləri ilə də bu istiqamətdə uzlaşdırıcı mövqelərə nail olması mümkündır. Regional maraqların müvəqqəti uzlaşdırılması üzərində qurulmuş yeni əməkdaşlıq formatına Qərbi də inandıra bilər. Qərb Gürcüstanın və Ermənistanın öncəliyinin daha çox NATO-ya yaxınlaşmaq olduğunu bilir. Lakin hazırda bunun elə də asan olmayacağının mesajlarını da verir. Rusiya Ukraynanın, Gürcüstanın və Ermənistanın NATO-ya yaxınlaşmasına ciddi əngəl yaratmaq imkanlarına malikdir. Son vaxtlar müşahidə edilən ziddiyyətli geosiyasi proseslər dövlətlərin taktiki gedişlərində müəyyən dəyişikliklərə səbəb olur. Bu əməkdaşlıq formatını çətinləşdirən xeyli amillər var. Bir tərəfdən Ermənistan Azərbaycana qarşı ərazi iddialardan hələ də əl çəkməyib. Rusiya isə Gürcüstanın ərazi bötövlüyünə qəsd edib. Bu məsələləri tamamilə kənara qoyub səmərəli əməkdaşlıq modeli tapmaq xeyli çətindir.  Amma Cənubi Qafqazda sülhü, təhlükəsizliyi davamlı hala gətirmək üçün birgə çalışmalar da qaçılmazdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki