FIFA Macarıstan Futbol Federasiyasını (MLSZ) cərimələyib.
Veteninfo.az-ın məlumatına görə, buna milli komandanın İngiltərə ilə 1:1 hesablı heç-heçə etdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı baş verənlər səbəb olub.
Londondakı matçda macarıstanlı azarkeşlər polislərlə dalaşdığı üçün MLSZ 75 000 İsveçrə frankı ödəyəcək. Bundan əlavə, fanatlar noyabrın 15-də Polşa ilə səfər matçında millini tribunadan dəstəkləyə bilməyəcəklər.
Qeyd edək ki, görüş başlamazdan əvvəl İngiltərə yığmasının oyunçuları irqçiliyə qarşı diz çöküblər. Macarıstanlı tərəfdarlar həmin vaxt futbolçuları fitə basıb. Azarkeşlərdən biri isə stüardı irqçilik zəminində təhqir edib. Stadiondakı polis əməkdaşları onu saxlayıblar. Bundan sonra digər fanatlar polislərlə münaqişəyə girib. Hüquq-mühafizə orqanları kütləni dağıtmaq üçün dəyənəklər istifadə edib.