FIFA Moldova Futbol Federasiyasını 30 000 avro məbləğində cərimələyib.
Veteninfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Kişineuda Moldova və Avstriya yığmaları arasında keçirilmiş 2022-ci il dünya çempionatının seçmə oyununda təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Hadisə matçın start fitindən öncə baş verib. Dövlət himnləri səslənərkən meydançanın üzərində pilotsuz uçuş aparatı görünüb. Nəticədə oyun yarım saat gec başlayıb.
Daha sonra dronun azyaşlı sosial şəbəkə istifadəçisinə məxsus olduğu üzə çıxıb. Uşağın valideynləri insidentə görə cərimələniblər.
Qeyd edək ki, sentyabrın 11-də oynanılmış qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.