image-1backend

Fransa səfirindən riyakar mövqe – “Azərbaycan əmin olsun…”, amma necə?

image-reklam_sirab_01

Fransanın Ermənistandakı səfiri Olivier Decotinye yerli mediaya müsahibəsində iki ölkə arasında müdafiə və digər sahələrdə əməkdaşlıqdan danışıb, nə qədər qəribə də olsa, Azərbaycanı “sakitləşdirməyə” çalışıb.

“Azərbaycanın narahatlığına gəldikdə, onlar əmin ola bilərlər ki, bizim Ermənistana tədarük etdiyimiz hərbi texnika növləri ölkənin müdafiəsinə yönəlib. Onlar sırf müdafiə xarakterilidir. Yəni hava hücumundan müdafiədən danışırıqsa, Ermənistanın hava məkanını pozmasanız, heç vaxt onun hava hücumundan müdafiəsi ilə qarşılaşmazsınız. Bu, müdafiə potensialıdır. Söhbət Ermənistanın suverenliyini, ərazisini və xalqını qorumaqdan gedir. Və əvvəldən bəlli idi ki, bizim tədarük etdiyimiz hər şey – silahlar, avadanlıqlar, təlimlər məhz bu məqsədə hesablanıb”.

Axı bu, həmin Fransadır ki, onun senatı qondarma “artsax”la bağlı, Qarabağda mifik “erməni mədəni irsi” ilə bağlı Azərbaycan əleyhinə neçə-neçə sənəd qəbul edib, Avropa Birliyi ölkələrini Bakıya qarşı sanksiya tətbiqinə çağırıb, Avropa Parlamentində də ölkəmiz əleyhinə eyni pozucu fəaliyyəti davam etdirir, özü isə Hindistanla birgə revanşist ölkəni sürətlə silahlandırmaqdadır.

Xatırladaq ki, rəsmi Bakı bir neçə dəfə Fransanın Ermənistanı silahlandırmaqla güddüyü məkrli məqsəd haqda xəbərdarlıq edib. Bölgədə yeni hərbi qarşıdurma olarsa, bunun məsuliyyətinin bütünlüklə Parisin üzərində olacağını bəyan edib.

Politoloq Murad Sadəddinov bu barədə  şərhində bildirdi ki, Fransa tərəfindən bu cür bəyanatlar bundan sonra da veriləcək. Ona görə ki, Fransa Ermənistanı silahlandırmaqda davam etmək istəyindədir və göndərdikləri silahların guya ancaq müdafiə xarakterli silahlar olduğunu bəyan etməklə öz yanlış addımlarını pərdələməyə çalışacaqlar. Fransanın Ermənistandakı səfirinin açıqlaması da bu qəbildəndir: “Əvvəla, nəzərə alınmalıdır ki, istənilən silah, o cümlədən hava hücumunda müdafiə sistemləri ölkənin ümumi hərbi təchizatın təsir göstərir və regionda ölkələr arasında balansa təsir edir. İkincisi, əlbəttə ki, Fransa tərəfi bu cür silahları göndərir və səfir bu barədə açıqlama verirsə, o demək deyil ki, göndərilən bütün silahlardan söhbət gedir. Şübhəsiz ki, səfir hücum silahlarının da verildiyini bilir, sadəcə, bunu dilə gətirmir. Bu yaxınlarda Ermənistana səfər edən Fransanın müdafiə naziri yanında Fransanın bir çox aparıcı hərbi-sənaye kompleksinə malik olan şirkətlərin də təmsilçilərini gətirmişdi. O şirkətlərin istehsal elədiyi məhsullar təkcə hava hücumundan müdafiə silahları deyil. Həmin şirkətlər hücum silahları da istehsal edir. Şübhəsiz, Fransa Ermənistana məhz həmin silahlardan da göndərir. Hesab edirəm ki, Fransa səfiri o cür açıqlama verməklə bir çox dövlətlərdə yaranmış “Cənubi Qafqazda Fransanın münaqişəni alovlandırmaq siyasəti yürüdür” rəyini öz aləmində neytrallaşdırmaq, dəyişdirmək məqsədi güdür. Halbuki reallıqda Fransa Cənubi Qafqazda sülh prosesinin getdiyi bir zamanda bu prosesi pozan, münaqişəyə aparan proses yürüdür. Ermənistanın silahlandırılması bu məqsədə xidmət edir. Fransanın bu siyasəti təkcə Azərbaycanın deyil, regionda yerləşən digər dövlətləri də narazılığına səbəb olur. Odur ki, Parisin İrəvanı qarşıdurma xəttinə sövq edən siyasəti sonda gətirib bölgədə müharibəyə çıxaracaqsa, məsuliyyəti Fransanın üzərinə düşəcək. Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanın silahlandırılmasının Azərbaycana real təhlükə yaratdığını görəriksə, preventiv addımlar atacağıq. Bütün bunları nəzərə alaraq Fransa tərəfi səfirin dili ilə çalışır ki, ictimai fikri yayındırsın”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, Fransanın Ermənistandakı səfiri Olivier Decotinye müsahibəsində Fransanın Ermənistana tədarük etdiyi silahların müdafiə silahları olduğunu deməklə yanaşı, sanki Azərbaycanın Ermənistan ərazisinə hərbi hücum etmək planlarının olduğunu dolayısı ilə iddia edib: “Bununla səfir əslində Azərbaycana böhtan atmış olub. Səfirin fikirləri yenidən Azərbaycanı mənfi mənada təqdim etmək, Ermənistanı isə müdafiə olunmağa məcbur qalan dövlət kimi təqdim etmək mahiyyəti daşıyır. Halbuki bölgədə sülhü təhdid edən Ermənistanın mövqeyidir və Fransanın İrəvanı qızışdırmasıdır. Fransa səfiri Ermənistana hücum silahlarının da verildiyini, sadəcə, dilinə gətirməyib. Heç kim zəmanət verə bilməz ki, Ermənistana verilən silahlar Azərbaycana qarşı yönəldilməyəcək və sülhü pozmayacaq, bölgədə sabitliyə xələl gətirməyəcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yoxdursa, Ermənistan yenidən Azərbaycan ərazilərini işğal etmək planlarını nəzərdən keçirə bilər. Fransanın silah verməsi isə Ermənistanı sülh müqaviləsini imzalamamaq və Azərbaycana hücum etməyə həvəsləndirir. Ermənistanın silahlandırılması bu ölkənin təhlükəsizliyinin qorunması üçün atılan addım kimi qələmə verilsə də, o silahlar Ermənistanı sülhdən uzaqlaşdırır. Danışıqlar masasında Ermənistan Fransa silahlarına güvənərək öz əsassız tələblərini irəli sürə bilər”.  “Yeni Müsavat”

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki