image-1backend

Füzuli küçəsində avtobus zolağı niyə sona qədər ÇƏKİLMƏYİB? – RƏSMİ AÇIQLAMA

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Bu çərçivədə ötən həftə Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək) hərəkət zolaqları təşkil edilib. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Amma diqqət çəkən məqam odur ki, avtobus zolağının çəkilişi küçənin sonuna qədər davam etdirilməyib.

Bu da sürücülər arasında çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı ilə fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Bakıda ilk avtobus zolağı 2017-ci ildə məhz bu küçədə yaradılıb:

“Amma sonrakı illərdə zolaqlar pozulub gedib. Bu gün AYNA həmin zolaqları bərpa edir. Bu pis niyyət deyil. Amma nişanlanmanın sona qədər aparılmaması bir qədər təəccüblüdür. Çünki Füzuli küçəsi elə də böyük ərazi deyil. Üstəlik, nişanlamanın sona qədər aparılmaması çaşqınlıq yaradır”.

Ərşad Hüseynov onu da diqqətə çatdırıb ki, avtobus zolaqlarının bir-biri ilə əlaqələdirilməsi yaxşı olardı:

“Bu həm ictimai nəqliyyatın rahat hərəkətinə imkan verər, həm də sürücülərin məsuliyyətini artırar. Amma bəzən bunu reallıqda görə bilmirik. Füzuli Küçəsindən Şıxəli Qurbanov küçəsinə dönəndə də avtobus zolağı yoxdur. Amma bir az gedəndən sonra “Azad qadın” heykəlinin yanından başlayaraq Tbilisi prospektinə qədər zolaq var. Yenə də Tbilisi prospektində avtobus zolağı yoxdur. Niyə?

Yaxşı olardı ki, bütün avtobus zolaqlarının zəncirvari əlaqələndirilməsi aparılardı. O zaman, yəqin ki, biz tam fərqli mənzərə görə bilərdik”.

Avtobus zolağı sona qədər çəkiləcək?

Məsələ ilə bağlı AYNA-dan  bildirilib ki, zolaqların təşkili küçənin sonuna qədər davam etdiriləcək:

“Hazırda paytaxtda 21 küçə və prospektdə uzunluğu 64,7 km olan xüsusi hərəkət zolaqları təşkil edilib. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə daha 31 küçə və prospektdə bu işlər həyata keçiriləcək. Yaxın günlərdə daha bir neçə küçəni əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkilinə başlanılacaq.

Qeyd edək ki, avtobusla sərnişindaşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişin daşınmasına imkan yaradır, marşrutlarda intervalların qorunmasını təmin edir”.Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki