image-photo-2022-04-21-09-08-28-1backend

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

image-reklam_sirab_01

 

Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələləri keçərək müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir.Tarixi səhifələrə nəzər yetirsək görərik ki, dilimiz çətin dövrlərdən keçmişdir. Bunlardan biridə SSRİ dövrü olmuşdur.SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin sıxışdırılması üçün daha ciddi tədbirlər görülməyə başladı.
Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Müasir tədqiqatçılarda dediyi kimi unudulmaz Heydər Əliyev ən böyük azərbaycanlı idi. Ümummilli liderin azərbaycançılıq ideyasının, təliminin əsasında məhz doğma ana dilimiz dayanırdı. Heydər Əliyev çıxış və nitqlərində bu dilin gözəlliyindən, zənginliyindən məharətlə istifadə edərək dilçi və ədəbiyyatçılardan daha səlis və rəvan danışardı. Tərifində də, ən kəskin tənqidində də elə ifadələr, sözlər işlədərdi ki, bəzən ən təcrübəli dilşünas alim də Heydər Əliyevin yaddaşına, sözdən istifadə etmək bacarığına, Azərbaycan dilinə yanaşmaq istedadına heyrətlənməyə bilmirdi. Heydər Əliyev dönə-dönə deyərdi ki, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Müşahidələr göstərir ki, Heydər Əliyev Azərbaycan dilinə millətin taleyi kimi yanaşaraq onu nəinki sevir, keşiyində dayanır, həm nüfuzuna çalışır, həm də tərəqqisi üçün uzun illərlə mübarizə aparırdı. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidməti olmuşdur. Dilin inkişafı üçün ulu öndərin müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarda, eləcə də tövsiyələrində, çıxışlarında vaxtaşırı ortaya çıxan ciddi problemlərin həlli yolları dəqiq göstərilib.
Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin varlığını sürdürməsi üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz.
Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Daha sonra Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə isə dilimizə qarşı hücumların yeni dalğası başlandı. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta, bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.
Lakin Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə deyil, əməldə çevrilməsi üçün bütün gücü, qüdrəti, iradəsi və cəsarəti ilə çalışmışdır. Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi körpülər olması üçün əsl mübarizə aparmışdır.  1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.

Bunlarla kifayətlənməyən Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu.
Ulu öndərə məxsus fikirdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Bir faktı da xatırlatmaq yerinə düşər ki, Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyevin təşəbbüsü ilə dövlət mükafatı verilən ilk kitablardan biri məhz 1974-cü ildə çap edilmiş “Müasir Azərbaycan dili” dərsliyidir. Bu, adi fakt deyildir. O dövrdə uzun illər Azərbaycan dilinin tədqiqi ilə məşğul olan Ə.Dəmirçizadəyə, S.Səfərova, M.Hüseynzadəyə, Ə.Abdullayevə, Y.Seyidova və A.Həsənova dövlət mükafatı verildi. Azərbaycan dilinə, dilçiliyinə, azərbaycandilli təhsilə sovet dövründə dövlət qayğısı göstərmək asan məsələ deyildi. Dilşünas-alim Yusif Seyidov sonralar haqlı olaraq yazırdı ki, “Müasir Azərbaycan dili” dərsliyinin belə yüksək səviyyədə qiymətləndirilməsi, əslində, rus şovinizminə meydan oxumaq idi.
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi də Ulu öndər Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin bilavasitə nəticəsi idi. Lakin həmin illərdə, başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil siyasəti, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz hərc-mərcliyə yol verilirdi. Belə ki, yaxın dövrün tarixi varisliyi gözlənilmədən ana dilinə (dövlət dilinə) münasibətdə kəskin sıçrayışlarla səciyyələnən, hər cür əsasdan məhrum “tədbirlər” görülməsinə başlandı ki, həmin “tədbirlər” nəticə etibarilə idarəolunmaz bir situasiyaya çevrildi və ana dili bütövlükdə təhlükə altında qoyuldu.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Və Onun xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli lider ana dili məsələsinə yeni səviyyədə – müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini verdi.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmin müzakirələr sübut etdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin qeyd-şərtsiz “türk dili” adlandırılmasının əleyhinədir. Hər şeydən əvvəl, ona görə ki, iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla adlandırmaq lazım gəlir; Azərbaycan ərazisində yaşayan qeyri-türk mənşəli müxtəlif xalqlar, etnoslar “Azərbaycan dili”nin “türk dili” adlandırılmasından hər hansı halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək “xırda millətçilik” hisslərini qızışdırırlar; “Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla işlənir, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir.
Ana dilimizi Azərbaycan xalqının ən böyük sərvəti hesab edən ulu öndər çıxışlarında tez-tez vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu səbəbdən də Azərbaycan dilini dövlətçiliyin əsas rəmzlərindən sayaraq onun saflaşması naminə vaxtaşırı olaraq xüsusi tədbirlər həyata keçirirdi. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli sərəncam da məhz bu niyyətlə imzalanmışdır. Beləliklə, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
30 sentyabr 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində isə bu qanun xeyli dərəcədə təkmilləşdirilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlər bunun bariz nümunəsidir.Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən İlham Əliyev dogma dilimizə, milli adət-ənənələrimizə , qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Beləliklə, minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimiliyinin simvoludur. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dəfələrlə sınaqdan çıxıb ki, millətin milliliyini qoruyub saxlayan onun dilidir, adət-ənənəsidir. Təbii ki, dil təkcə söz sərvətinin yaradıcısı deyil, o, həm də bir döyuşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də dilimizi elə sözlə yükləməliyik ki, o, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı buna imkan verir ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”. Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Təbii ki, Azərbaycan dili olmasa, bu dildə ədəbiyyat da yaranmaz, mahnılar da oxunmaz, musiqilər də bəstələnməz. Xalqımızın milli sərvəti olan ana dilinin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.

 

 

Musayeva Aydan
Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki