image-17backend

Hüseynov meydança problemini qabartdı, millidən danışmadı

image-reklam_sirab_01
Millimizin sabiq futbolçusu Cavid Hüseynoun bir müddət öncə yaratdığı “Cəbrayıl” klubu Region Liqasında çıxış etməyə hazırlaşır. Artıq komanda yığılıb, heyət formalaşdırılıb. Komandaya baş məşqçiliyi isə elə Hüseynov özü edir.
Cavid bəy Qaynarinfo-ya açıqlamasında komandasının son durumu, gələcək planları haqda danışıb:
“Məşqlərimiz davam edir. Ötən həftə iki məşqimiz olub. Meydança ilə bağlı problemlərimiz var. Bu həftə də iki məşq etmişik. 3-cü məşqin də təyin olunmasını gözləyirik. Məşqlərimizi “İsmət Qayıbov” adına stadionda, “Neftçibaza” deyilən yerdə keçirik. Həftədə 3 dəfə nəzərdə tutsaq da, müəyyən sıxıntılar olduğu üçün iki dəfə məşq edirik. İnkişaf, məşqlər arasında vaxt məsafəsinin az olmasını istəyirik. Uşaqlarla çox işləmək istəyirik. Amma meydança çətinliyimiz var. İndi Azərbaycanda hamı bina tikir. Meydança tikən yoxdur. Məndən olsa, hər gün məşq salardım, lakin mümkün deyil. Digər komandaların və onların əvəzedicilərinin məşqləri, oyunları var. Yenə də sağ olsunlar ki, bu şəraiti mənə yaradıblar”.
Hüseynov komandanı hansı şəkildə formalaşdırdığını da söyləyib: 
“Təcrübəlilərdən iki futbolçumuz var. Biri uzun illərdir Birinci Divizionda, digəri də vaxtilə mənimlə birlikdə “Zirə”nin əsas komandasında oynayıb. Çalışırıq, gənclərə üstünlük verək. Düzdür, yaş həddi olmasa da, fikrimiz potensiallı uşaqları inkişaf etdirməkdir. Onların potensiallarını açmaq istəyirik. Quba “Şahdağ”ı ilə yoldaşlıq matçı keçirdik. Oyunda uşaqların “yüklənməsini” istədim. Bazar günü də matçımız var. Çalışırıq tez-tez oynayaq ki, futbolçulardan istədiyimizi ala bilək”.
“Komanda nə vəd edir” sualına sabiq futbolçu belə cavab verib: 
“Hələ bu haqda danışmaq tezdir. Bizdə hələ seçim turları aparılır. Keçən dəfə 60 nəfərin arasından 22 uşaq seçildi. Daha sonra həmin 22 nəfərdən 13-14-ü qaldı. Bir də uşaq komandalarında çıxış etmiş futbolçuları tək-tək cəlb edib baxırıq. Yəqin ki, bazar günü komandanın oyununa baxıb son qərarımızı verəcəyik. Maksimum 18 futbolçu olmasını istəyirik. Aşağı yaş qruplarından ibarət komandalar da formalaşdırmaq istəyirəm. Amma bu, sponsor məsələsindən asılı olacaq. Nəyə yanaşıramsa, bunu köklü və peşəkar şəkildə etməyə çalışıram. Həvəskar komandalar oyundan-oyuna yığışır. Həm də onların futbolçuları, futboldan kənar müxtəlif sahələrdə çalışır. Amma mən davamlı şəkildə olmasını və uşaqların tam futbola köklənməsini istəyirəm”.
Cavid bəy komandasının çempionata hazırlığına da toxunub:
“Əlbəttə, çempionata qoşulacağıq. Qeydiyyatdan keçmişik. Hələ yeni yığılmışıq. İlk mövsümdə iddialar böyük olmayacaq. Yer uğrunda mübarizə aparsaydım, gəncləri götürməzdim. Hamı bir-birini tanıyır, yaşlı futbolçulardan götürüb çempion olardım. Amma gənclərin inkişafı üçün iş görüb, ortalığa nəsə çıxarmaq istəyirik. 4-5 yaxşı uşaq var. Ən çox onların üzərində dayanmışam. Çalışıram ki, baxışlarını daha da genişləndirim”.
Yeni yaradılan vaxt Hüseynov baş məşqçi deyil, klubun prezidenti olmaq istədiyini vurğulamışdı. Amma sonradan bu məsuliyyəti öz üzərinə götürdü. Maraqlıdır, onun fikrinin dəyişməsinə nə səbəb olub?: 
“Düzdür, baş məşqçi olmaq fikrim yox idi. Bildiyiniz kimi, hazırda “B” kateqoriyası almaq üçün məşqçilik kurslarında oxuyuram. Bu kateqoriya üzrə oxuyan hər məşqçinin komandası olmalıdır. AFFA-dan gəlib izləyirlər. Aslan Kərimov hər məşqimizə baxır. Komandanı necə inkişaf etdirirsən, bu gün hansı mövzunu seçmisən, nəyin üzərində dayanmısan – hamısını izləyirlər. İnkişaf mərhələlərini görməlidirlər, çünki bu kateqoriya üzrə kurslar dekabra qədər davam edəcək. Mən də heç kimə ağız açmaq istəmədiyim üçün öz komandam üzərində məşqçilik etməyi düşündüm. Məşqçilər korpusu olaraq belə qərar verdik”.
Sabiq yarımmüdafiəçi qardaşını və vaxtilə Birinci Divizion klublarında forma geyinmiş Elhad Nəzirini köməkçi götürdüyünü, o cümlədən maliyyə məsələlərini necə tənzimlədiklərini açıqlayıb:
“Köməkçilərim Elhad Nəziri ilə qardaşım Şərif Hüseynovdur. Şərif başqa klubda, uşaq futbolunda çalışır. Eyni zamanda mənə də kömək edir. Maliyyə olmadığı üçün onlar ilk gündən yanımdadırlar, dəstəklərini göstərirlər. Bizdə sponsor olmadığı üçün maaş sistemi də yoxdur. Maliyyə məsələlərini necə tənzimlədiyimizə gəlincə, yaxın dostum var, kluba direktor təyin etmişəm. Bu məsələləri öz üzərinə götürüb. Müxtəlif sponsorlardan təkliflər var. Hətta onlardan biri ilə görüşmüşük. Sadəcə, mən bu məsələdə tələsmək istəmirəm. Əsas odur, komandadan nə istədiyimizi düşünək. Ola bilər, sponsor gəlib çempionluq istəsin. Bu isə mənə uyğun deyil. Gətirim yaşlı futbolçuları, çempion olum, mən bununla Azərbaycan futboluna nə qazandıra bilərəm? Sırf gənclərimizin inkişafı üçün komanda olmasını istəyirəm. 3-4 təcrübəli futbolçu ola bilər. Komandanın “onurğa sütunu”nu formalaşdırandan sonra gənclərə üstünlük vermək lazımdır”.
O, AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədovla görüşündən də danışıb:
“Elxan Məmmədov həqiqətən bu yolda mənə çox dəstək oldu. 3 istiqamətdə bizə köməklik göstərdi. Bir daha ona minnətdarlığımı bildirirəm. Dəstəyə ehtiyacımız vardı. Hansı ki, stadion və nəqliyyat problemini o həll etdi. İnventarların yarısını özümüz almışıq. AFFA da əlindən gələn köməyi əsirgəmir”.
Cavid bəydən yığma ilə bağlı fikirlərini də öyrənməyə çalışdıq. Amma o, vaxtilə formasını geyindiyi milli haqda heç nə danışmaq istəmədiyini, hazırda bütün fikrilərini öz komandasına yönəltdiyini söylədi.
Səbuhi Həsənov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki