Bunu Veteninfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi, “Sabah”ın idman direktoru İqor Ponomaryov yığmanın Maltaya 0:1 hesabı ilə uduzduğu yoldaşlıq matçı barədə danışarkən deyib.
62 yaşlı mütəxəssis bildirib ki, milli komandada işləmək elə də asan deyil: “Yığmada futbolçu seçmək və onları oyun üslubuna uyğunlaşdırmaq üçün vaxt çox az olur. Klubda isə bunu etmək daha asandır. Çoxlu məşq edir, futbolçulara oyun fəlsəfəsini aşılayırsan. Millidə onlar 5-6 günlük yığışır, müxtəlif oyun üslublarını yoxlayaraq, meydana çıxırlar. Bunun üçün eyni səviyyəli futbolçular lazımdır. Bilirsiniz ki, bizdə belə oyunçular yoxdur”.
O, millinin Malta ilə görüşə çoxlu sayda mərkəz yarımmüdafiəçisi ilə çıxdığını vurğulayıb: “Yığmanı hazırlaşdıran və oyunları analiz edən məşqçilər heyəti var. Baş məşqçi meydana eksperimental heyət buraxmışdı. Bəlkə buna görə hardasa, istənilədiyi kimi oynamayıblar. Amma meydanda çoxlu sayda mərkəz yarımmüdafiəçisi var idi. Yəqin, onların necə anlaşmalarına baxmaq qərarına gəlmişdilər”.
Veteran futbolçu millinin rəsmi matçlarda yaxşı nəticələr qazanacağına ümid etdiyini söyləyib: “Oyuna baxdım. Hamı istəyərdi ki, komanda daha yaxşı oynasın və qələbə qazansın. Rəsmi matçları gözləyəcəyik. Ümid edirik ki, həmin görüşlərdə yığma nə isə göstərəcək. Yoldaşlıq matçlarında çox vaxt belə olur. Müxtəlif variantlar nəzərdən keçirilir. Birincisi, ikincisi, bəlkə də üçüncüsü alınacaq”.
2000 – 2001-ci illərdə Azərbaycan millisinə başçılıq etmiş Ponomaryov həmin dövrü də xatırlayıb: “Komanda daha yaxşı oynamalı və xal qazanmalı idi. Biz Azərbaycanı, bütün ölkə futbolunu təmsil edirik. Buna görə də mən hər oyunu udmaq istəyirdim. Düşünürəm ki, yığmada çalışan hər bir baş məşqçi qələbə qazanmaq istəyir. Buna necə nail olmaq olar? Bu, artıq başqa sualdır. Ona görə də kimi tənqid etməyin gərəkliyini, kimin səhv, kimin düz olduğunu deyə bilmərəm”.
“Sabah”ın yarımmüdafiəçisi Elvin Camalovun Malta və Latviya ilə yoldaşlıq görüşləri üçün yığmaya dəvət almamasına da toxunan klub rəsmisi qərarı təəssüflə qarşıladığını söyləyib: “Camalov öz oyunu və meydanda can yandırması ilə milliyə layiq idi. Lakin yığmanın baş məşqçisi var, futbolçuları o, dəvət edir. 3 futbolçumuz milliyə çağırılıb və onlardan 2-si Maltaya qarşı matçda əsas heyətdə meydana çıxıb. Səlahət Ağayev sonadək qapını qorudu. Yarımmüdafiəçi Aleksey İsayev 64-cü dəqiqəyədək meydanda oldu. 79-cu dəqiqədə oyuna girən Amin Seydiyev də əsas heyətdə yer alsaydı, ümumiyyətlə, super olardı”.
Qeyd edək ki, Azərbaycan millisi martın 29-da Maltada Latviya ilə yoldaşlıq görüşü keçirəcək. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.