İran Silahlı Qüvvələri düşmənin mümkün hücumunu gözləmədən cavab tədbirləri görə bilər.
Vətəninfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi bəyan edib.
General bildirib ki, İran düşmənin hərbi hazırlıqlarını və hərəkətlərini izləmək üçün bütün kəşfiyyat imkanlarından istifadə edir. Onun sözlərinə görə, ölkənin silahlı qüvvələri mümkün hədəflərə dair məlumat bazasını daim yeniləyir və genişləndirir.
Abdullahi xəbərdarlıq edib ki, düşmənçilik hərəkətlərinin əlamətləri aşkar ediləcəyi təqdirdə, İran cavab zərbəsinin vaxtını və üsulunu özü müəyyənləşdirəcək.
“Cavabımız dərhal, effektiv və coğrafi məhdudiyyətlər olmadan olacaq”, – deyə general vurğulayıb.
O, İranın Ali Lideri Müctəba Hüseyni Xameneinin silahlı qüvvələrin döyüş hazırlığının gücləndirilməsi ilə bağlı göstərişlərini dəstəklədiyini bildirib. General qeyd edib ki, İran ordusu miqyasından və xarakterindən asılı olmayaraq istənilən təcavüzə qarşı ölkəni müdafiə etməyə hazırdır.
Abdullahinin sözlərinə görə, İran hərbi hədəflər bazasını genişləndirir, yeni düşmən obyektləri və resursları barədə məlumatları siyahıya daxil edir. O, həmçinin mümkün yeni hücum zamanı müasir texnologiya və silahlardan istifadə ediləcəyini, cavabın əvvəlki hərbi qarşıdurmalardan daha sərt və effektiv olacağını bildirib.
Məlumata görə, Müctəba Xamenei də ABŞ və İsrailin maddi və qeyri-maddi aktivlərinin hədəf siyahısına daxil edilməsi, kəşfiyyat imkanlarının genişləndirilməsi və ölkənin müdafiə potensialının gücləndirilməsi barədə göstərişlər verib.


























