image-d726fb77-e7af-4d09-9d91-4c3746beed6dbackend

İRAN REJİMİNİN YENİ İFŞASI… Bu gün Ukraynaya söylədiyi yalanları dünən Azərbaycana danışırdı 

image-reklam_sirab_01

“Tehran Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiya Federasiyasına hərbi texnika, o cümlədən pilotsuz təyyarələr satmayıb”.

Bunu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hələ bu ilin iyulunda ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığından sonra bildirmişdi.

“İran Rusiyaya heç vaxt intiharçı dronlar verməyib”. Bunu da Abdullahiyan oktyabrın 16-da Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə telefon söhbətində bildirib. Yəni, cəmi 20 gün bundan əvvəl…

“Pilotsuz təyyarə hissəsi doğrudur və biz Ukrayna müharibəsindən aylar əvvəl Rusiyaya az sayda pilotsuz təyyarələr vermişdik”. Bunu isə elə həmin Abdullahiyan bu gün söyləyib və etiraf edib ki, Rusiyaya PUA-lar veriblər, ancaq guya bu, müharibədən əvvəl olub. Bu, İran diplomatiyasının, xarici siyasətinin nə qədər biabırçı duruma düşdüyünü, yalanı ifşa olunandan sonra nə cür primitiv bəhanələrlə çıxış etdiyini göstərir.

Birincisi, indiyə kimi İran ümumiyyətlə, nə savaşdan əvvəl, nə də onun gedişində Rusiyaya hərbi texnika, xüsusilə də intiharçı dronlar satmadığını dəfələrlə, özü də qətiyyətlə elan etmişdi. Bəs, nə baş verdi? Niyə, yalnız Ukrayna dünya ictimaiyyətinə təkzibolunmaz faktlar təqdim edəndən və bunu gizlətməyin mümkün olmadığını görəndən sonra Rusiyaya yardım göstərdiyini etiraf etdi? Əgər Tehran rejimi səmimidirsə, dronlar Ukrayna səmasında görünən ilk günlərdən bəyan edəydi ki, bu silahı hələ savaşdan öncə Rusiyaya satıb.

İkincisi, savaşdan öncə Rusiya dünyanın ikinci ordusu sayılırdı. Onun özündən qat-qat zəif və geridə qalmış İran kimi dövlətin istehsal etdiyi sınıq-salxaq, primitiv dronlara ehtiyacı ola bilərdimi? Bunu Rusiya siyasi rəhbərliyi, hərbi sənayesi özünə yaraşdırardımı? Əlbəttə ki, yox! Müharibəyə qədər Rusiyanın özünün istehsal etdiyi bir neçə növ hərbi dronlar, PUA-lar olub. Yəni, özü bütün dünyaya silah satan nəhəng rus hərbi sənaye kompleksinin İranın dronlarına ehtiyacı ola bilməzdi.

Silah anbarları ağzına kimi dolu olan Rusiya özü də müharibəyə qədər hesab edirdi ki, istər texnoloji inkişaf, istər silah-sursat təminatı, istərsə də digər bütün aspektlərdə rus ordusunun tayı-bərabəri yoxdur. Yalnız müharibənin gedişində Kreml başa düşdü ki, ordusu onun bildiyi ordu deyil. Silah-sursatı, hərbi texnikası isə Qərbin daha keyfiyyətli silahları ilə təmin olunmuş Ukraynanı məhv etməyə yetməyəcək. Ona görə də savaşın başlamasından bir neçə ay sonra əl-ayağa düşüb, İrandan Şimali Koreyaya, Belarusa qədər “ərki çatan” dövlətlərdən silah dilənməyə başladı. Bunun nəticəsidir ki, İran dronları məhz Putinin Tehrana səfərindən bir müddət sonra Ukraynada görünməyə başladı. Bəs, o vaxta qədər həmin dronlar hardaydı? Bəlkə Rusiya onları gizlədib, “ağır gün” üçün saxlamışdı?…

Bu, İranın Ukrayna ilə münasibətlərdə biabırçı duruma düşdüyü ilk belə hal deyil. 2020-ci ilin yanvar ayında Tehran Hava Limanından havaya qalxan Ukrayna təyyarəsini vurandan sonra da İran rejimi xeyli müddət günahını boynuna almırdı və təyyarənin texniki səbəblərdən qəzaya uğradığını iddia edirdi. O vaxt da İran rəhbərləri yalnız təkzibolunmaz faktlar, videogörüntülər və s. üzə çıxandan sonra göyərtəsində 176 nəfər olan həmin sərnişin təyyarəsini vurduqlarını etiraf etmişdi. Lakin bu günə kimi də Tehran rejimi törətdiyi bu əmələ görə Ukraynaya hər hansı kompensasiya ödəməkdən boyun qaçırır.

 

Ümumiyyətlə, İranın məlum əməlləri ukraynalılar üçün bir qədər qeyri-adi və anlaşılmaz görünsə də, bu rejimi tanıyan toplum olaraq, bizim üçün tam anlaşılandır. Çünki İran uzun müddət Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsində ona göstərdiyi hərbi, siyasi, maddi dəstəyi də danırdı. Ancaq zaman keçdikcə, xüsusilə də 44 günlük Vətən savaşının gedişində və ondan sonrakı dövrdə İslam dininə, qonşuluğa, sadəcə, insanlığa yaraşmayan çirkin əməllərini gizlətmək İran rejimi üçün çətinləşdi. Son dövrlər Azərbaycana qarşı açıq hədə-qorxular, Araz çayı sahilində keçirilən və Azərbaycanı hədəf alan hərbi təlimlər, Qafanda tələm-tələsik konsulluq açılması, Azərbaycanda təxribatçı, terrorçu hərbi qruplaşmalar yaratmaq cəhdləri və s. göstərdi ki, İran rejimi artıq öz əsl simasını gizlətmək fikrində deyil, ya da bunu gizlətməkdə acizdir. Ona görə də bu rejimin dünən dandığı çirkin əməllər artıq bu gün hamıya aşkar olan acı reallığa çevrilib…

Yeri gəlmişkən, Qərb mətbuatında İrandan Rusiyaya hərbi dronların daşınması marşrutuna dair xəritə dərc edilib. Həmin xəritədən görünür ki, Ukraynada döyüş meydanında heç nəyə yaramayan, ancaq əvəzində dinc insanlara ölüm saçan və mülki infrastrukturu sıradan çıxarmağa xidmət edən həmin dronlar iki marşrut üzrə Rusiyaya çatdırılıb. Bunların biri dəniz yolu ilə Xəzərdən, digəri isə hava yolu ilə Ermənistan üzərindən keçir. Bu, o deməkdir ki, hər iki halda Azərbaycan bu prosesdə olmayıb, Ermənistan isə can-başla bu çirkin əməliyyatın iştirakçısı olub.

Deməli bu, bir daha göstərir ki, İranla Ermənistan bu gün bütün sivil dünyanın qarşı çıxdığı, dayandırmağa çalışdığı Ukrayna müharibəsində işğalçı dövlətin, zorakılığın, qətliamın, qanunsuzluğun tərəfindədir və bu şər ideyasının həyata keçməsi üçün hər cür cinayətə, yalana, iblisliyə əl atır. Necə ki, 44 günlük Vətən müharibəsi dövründə də İran rejimi ilə Ermənistan “iki doğma bacı” kimi Azərbaycanı dayandırmaq üçün hər cür siyasi əxlaqsızlığa əl atdılar…“AzPolitika.info”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki