“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi olaraq, peşə borcunu yerinə yetirən media nümayəndələrinə qarşı hər hansı bir formada zorakılıq, təzyiq və fiziki maneə törədilməsini qətiyyətlə pisləyirik.
Son günlər REAL TV və APA İnformasiya Agentliyinin əməkdaşlarının peşə fəaliyyətlərini həyata keçirərkən qanunsuz müdaxilələrə, təzyiqlərə və zorakı addımlarla üzləşməsi halları ölkəmizdə söz və mətbuat azadlığına, həmçinin jurnalistlərin təhlükəsizliyinə ciddi təhdid yaratmaqdadır. Kütləvi informasiya vasitələrinin və onların əməkdaşlarının sərbəst fəaliyyət göstərməsi, cəmiyyətin obyektiv məlumat almaq hüququnun təmin olunmasının əsas şərtidir. Jurnalistlərin əmək fəaliyyətinə mane olmaq, onlara qarşı güc və ya psixoloji təzyiq tətbiq etmək yolverilməzdir və qanunvericiliklə müəyyən edilmiş qaydada sərt şəkildə cəzalandırılmalıdır.
Biz müvafiq qurumları bu insidentləri dərhal və obyektiv şəkildə araşdırmağa, jurnalistlərin təhlükəsizliyini təmin etməyə və qanunsuz addım atan şəxslərin məsuliyyətə cəlb olunmasına çağırırıq.
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi hər zaman həmkarlarımızın hüquqlarının müdafiəsində qətiyyətlə dayanacaq və bu cür neqativ halların qarşısının alınması üçün təsirli tədbirlərin görülməsini tələb edəcəkdir.
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin İdarə Heyəti


























