image-img-20241119-wa0005backend

Kəlbəcərin azad edilməsindən 4 il ötür

image-reklam_sirab_01

Dörd il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər.

Nəticədə rayon mərkəzi ilə birgə 1 qəsəbə, 145 kənd və 55 inzibatiərazi dairəsi işğal olundu, onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Ermənistan burada müxtəlif yerlərdən gələn erməniləri məskunlaşdırmağa başladı.
Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Bundan sonra rayonda bərpa və quruculuq işlərinin aparılmasına başlanıldı.
Kəlbəcər yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın ən gözəl və səfalı rayonları sırasında olacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da, 2023-cü il avqustun 26-ı və noyabrın 7-də işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. İlk səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bu da Kəlbəcərin bərpasına başlanğıc nöqtəsi oldu.
Artıq Kəlbəcərin bərpası üçün infrastruktur layihələrinin planlı şəkildə icrasına, inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin inşasına start verilib. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni Kəlbəcər-Laçın avtomobil yolunun təməli qoyulub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olmuşdur.
2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.
Ölkə başçısının keçən il imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün – noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 2-ci dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir.
Bu gün işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Kəlbəcərdə də bərpa-quruculuq işləri böyük sürətlə davam edir. Əminik ki, Kəlbəcər rayonu yaxın gələcəkdə Azərbaycanın ən zəngin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image