Türkiyədə prezident seçkilərində müxalifətin ortaq namizədi Kamal Kılıçdaroğlu ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı seçki kampaniyası zamanı saxta klipdən istifadə etdiyinə görə məhkəməyə verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Kılıçdaroğlunun vəkili Cəlal Çelik öz Tvitter səhifəsində yazıb.
Ərdoğanın seçkiqabağı videosunda Kılıçdaroğlu ölkədə qadağan olunmuş Kürd Fəhlə Partiyası ilə əlaqədə olmaqda ittiham olunur.
Vəkil Cəlal Çelik jurnalistlərə bildirib ki, Kılıçdaroğlu ona dəyən mənəvi zərəri 1 milyon türk lirəsi (50,2 min dollar) qiymətləndirib.
Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Rəsmi məlumata görə, seçkilərin ilk turunda Ərdoğan 49,52 faiz, Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.


























