“Millinin heyətində Azərbaycana qarşı 4 oyun keçirmişəm. Bu matçların üçündə heç-heçə etmişik, birində isə qalib gəlmişik. Ümid edirəm ki, bu rəqibə qarşı məğlubiyyətsizlik seriyası qarşıdakı görüşdə də davam edəcək”.
Veteninfo.az-ın məlumatına görə, bunu Lüksemburq millisinin futbolçusu Loran Yans yerli mətbuata açıqlamasında evdə Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.
Niderlandın “Sparta” klubunda çıxış edən 29 yaşlı müdafiəçi bildirib ki, artıq hər iki kollektiv bir-birini yaxşı tanıyır: “Bu, həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. Çünki aramızdakı oyunların üstündən elə də çox vaxt keçməyib. Azərbaycanın zəif və güclü tərəflərini bilirik. Eyni sözləri rəqib barədə də demək olar. Onlar da bizi yaxşı tanıyır. Oyunlar hər zaman bərabər səviyyədə keçib. Düşünürəm ki, yenə belə olacaq. Hər iki komanda meydana qələbə üçün çıxacaq”.
Qeyd edək ki, sentyabrın 1-də Lüksemburq stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.