İngiltərənin “Brentford” klubunda çıxış edən Kristian Eriksenlə Premyer Liqanın iki təmsilçisi maraqlanır.
Veteninfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Tottenhem” 30 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
Danimarka millisinin üzvü cari mövsüm yerli çempionatda 4 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2013 – 2020-ci illərdə “Tottenhem”in formasını geyinib.