“Rusiyadan 65 yeni vaqonun alınması razılaşdırılıb. Yaxın 1 il ərzində 35 vaqon, sonrakı ildə 20, ondan sonrakı ildə isə 10 vaqonun gətirilməsi razılaşdırılıb”.
Bu fikirləri açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Niyə Rusiya?” sualına isə sözçü belə cavab verib:
“Çünki metronun vaqon təsərrüfatı elə bir sahədir ki, onu yenidən qurmaq çətindir. Bir istiqamətdə olan vaqonlara qulluq, baxış, təmir zaman tələb edir. Əgər böyük bir təsərrüfat obyekti qurulubsa, onu qəfil dəyişməz olmaz. Hər hansı bir başqa modeli alanda onun təmiri prosesinə, işçi personalının hazırlığına qədər hər bir iş görülməlidir”.
Bəxtiyar Məmmədov bildirib ki, eyni zamanda stansiyalar üçün 6 yeni təbii havalandırma qurğusu alınıb:
“Onların quraşdırılmasına başlanılacaq. Planlama gələn həftə ərzində tam bilinəcək. Çünki məhsul gəlməmiş sistemin əvəzolunmasına başlamaq mümkün deyil. Hər qurğu iki-iki quraşdırma sistemlərindən ibarət olur. Məhsul əldə olandan sonra proses davam etməlidir.
İl ərzində 6 ventilyatorun alınması da planlaşdırılır. Onların alınması istiqamətində tədbirlərə başlanılacaq”.
Qurumun mətbuat katibi vurğulayıb ki, Novruz bayramı ilə əlaqədar hazırda ənənəvi tədbirlər planı hazırlanır:
“Çox güman ki, yaxın 1 həftə ərzində proqram müəyyənləşəcək”. Musavat.com