image-reklam-veteninfo
image-1backend

Moskvada banan və dinozavr geyimində olanlar da saxlanıldı: Halloween gecəsi polis reydləri ilə yadda qaldı

image-reklam-veteninfo

Rusiyanın Moskva və Krasnodar şəhərlərində Halloween bayramını qeyd edən sakinlərə qarşı polis reydləri keçirilib. Bir neçə nəfər, o cümlədən yeniyetmələr saxlanılıb.

“Ostorojno, Moskva” kanalının məlumatına görə, noyabrın 1-nə keçən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın mərkəzində, Kitay-qorod rayonunda reyd keçiriblər. Əməliyyatda polis, çevik polis və Rosqvardiya əməkdaşları iştirak ediblər.

Vətəninfo.az xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə bir neçə nəfərin yerə üzüaşağı uzadıldığı görünür. “Sotavision”un məlumatına əsasən, saxlanılanlar arasında banan və tiranozavr geyimində olan yeniyetmələr də olub. Onlardan kostyumlarını çıxarmaları tələb edilib, daha sonra isə sərbəst buraxılıblar.

Həmin gecə paytaxtda Halloween şənliyinin keçirildiyi “Bizarre” adlı svinger klubunda da polis yoxlaması aparılıb. “Shot” teleqram kanalının məlumatına görə, klubda olan təxminən 200 nəfər yerə uzadılıb, onların bir qismi axtarışdan keçirilib və dindirilib.

Məlumata görə, qonaqlar arasında cizgi filmi personajlarının və populyar mədəniyyət nümayəndələrinin obrazlarına bürünənlər olub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının yoxlama zamanı LGBT təbliğatı ilə bağlı əlamətləri araşdırdığı bildirilir. Klubun meneceri isə yoxlama zamanı heç bir qanun pozuntusunun aşkarlanmadığını və müəssisəyə qarşı iddiaların olmadığını açıqlayıb.

Oxşar hadisələr Krasnodarda da qeydə alınıb. Polis Halloween geyimində və makiyajında olan yeniyetmələrin sənədlərini yoxlayıb, bəzilərini protokol tərtib etmək üçün xidməti avtobuslara aparıb.

Rusiya Daxili İşlər Nazirliyi yoxlamaları uşaqların təhlükəsizliyinin təmin edilməsi və yetkinlik yaşına çatmayanların gecə saatlarında küçədə olmasını tənzimləyən qanunvericiliyə riayət olunmasına nəzarətlə əlaqələndirib.

Qeyd edək ki, bundan əvvəl Krasnodar yeniyetmələrinə Halloween tədbirlərinin təşkili və xüsusi makiyajla küçələrdə gəzməklə bağlı xəbərdarlıq edilmişdi. Buna baxmayaraq, bayram gecəsi şəhərin mərkəzi küçəsi olan Krasnaya yenə də Halloween geyimində olan gənclərlə dolub.

Hadisə regional parlamentin “Ədalətli Rusiya” partiyasından olan deputatı Denis Xmelevskinin də narazılığına səbəb olub. O, Halloween tədbirlərini sərt tənqid edərək bunu “əsl panoptikon” və “degeneratlar üçün ucuz idxal əyləncəsi” adlandırıb.

Deputatın sözlərinə görə, Halloween ənənəsi Rusiyanın ənənəvi dəyərlərinə ziddir və Qərbin mənfi təsirinin təzahürüdür. O, həmçinin bayramı qeyd edən gəncləri tənqid edərək onların sosial şəbəkələrdə diqqət qazanmaq naminə bu cür tədbirlərdə iştirak etdiyini iddia edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki