Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında uçuşlara tətbiq edilən məhdudiyyətlər ikinci gündür davam edir.
Vətəninfo.az xəbər verir ki, “Rosaviasiya”nın məlumatına görə, hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Bundan əvvəl Moskvanın üç hava limanında uçuşların fəaliyyəti dayandırılmışdı.
Flightradar24-ün məlumatına əsasən, Şeremetyevo hava limanında 21 reys ləğv edilib, Vnukovoda isə 22 reys təxirə salınıb. Bundan əlavə, 94 reysin gecikdiyi bildirilir.
Məhdudiyyətlərin tətbiqi Ukraynanın Rusiya ərazisinə mümkün yeni dron hücumları ilə bağlı xəbərdarlıqları fonunda baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 1-də “Telegram” kanalında aviaşirkətləri və sığorta şirkətlərini xəbərdar edib. O bildirib ki, Kiyev Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarına cavab olaraq Rusiya ərazisində dron hücumlarını artıracaq.
Ukraynanın xarici işlər naziri Andrey Sibiha isə sentyabrın 2-də Kiyevin Rusiya hava məkanındakı vəziyyətlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi məlumat göndərdiyini açıqlayıb.
Ukrayna ICAO-dan üzv dövlətlərə Rusiya hava məkanında mülki aviasiya uçuşlarının dayandırılmasının tövsiyə edilməsini istəyib.
Reuters-in Ukraynanın Yenidənqurma, İnfrastruktur və Nəqliyyat naziri Nikolay Kalaşnikin məktubuna istinadən yaydığı məlumata görə, Kiyev bu addımın mümkün aviasiya faciəsi riskini minimuma endirmək üçün vacib olduğunu hesab edir.
Hazırda Moskva hava limanlarında tətbiq edilən məhdudiyyətlərin nə qədər davam edəcəyi açıqlanmayıb.


























