NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç Rusiya ilə alyans arasında hərbi qarşıdurmanın qaçılmaz olmadığını bildirib. Bununla belə, onun sözlərinə görə, NATO mümkün münaqişəyə hazır olmalıdır.
Vətəninfo.az xəbər verir ki, “Daily Baltic” qəzetinin məlumatına görə, Aleksus Qrinkeviç Rusiya ilə NATO ölkələri arasında hərbi münaqişənin qarşısının alınmasının mümkün olduğunu vurğulayıb.
“Mən münaqişəni qaçılmaz hesab etmirəm. Sadəcə, buna hazır olduğumuzdan əmin olmalıyıq”, – deyə general bildirib.
Qrinkeviçin fikrincə, mümkün qarşıdurmanın qarşısını almaq üçün NATO-nun müdafiə qabiliyyətini və dayanıqlılığını gücləndirmək vacibdir. O, bu yanaşmanı “güc vasitəsilə sülh” prinsipinin təzahürü kimi qiymətləndirib və qeyd edib ki, hərbi hazırlıq potensial münaqişənin qarşısının alınmasına xidmət edə bilər.
General NATO-nun şərq cinahında yerləşən ölkələrin, o cümlədən Latviyanın müdafiə və dayanıqlılığın gücləndirilməsi sahəsində təcrübəsinin digər müttəfiqlər üçün də faydalı ola biləcəyini bildirib.
Qrinkeviç Latviyanın müdafiə xərclərini artırmaq istiqamətində atdığı addımları da müsbət qiymətləndirib.
O, daha əvvəl NATO-nun müharibə axtarmadığını, lakin alyansa qarşı hücum baş verəcəyi təqdirdə üzv ölkələri müdafiə etməyə hazır olduğunu bəyan etmişdi.


























