Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutan “Sumqayıt” – “Neftçi” matçından sonra qonaqların baş məşqçisi Samir Abasov fikirlərini bildirib.
Veteninfo.az xəbər verir ki, Abasov oyunsonrası mətbuat konfransında bunları söyləyib:
“Oyun normal keçdi. Yaxaladığın qol vəziyyətlərindən fərqlənə bilməyəndə belə olur. Bilirdik ki, belə olacaq, qapalı rəqibə qarşı çıxış edəcəyik. Əsas odur ki, qol buraxandan sonra oyundan qopmadıq. Uşaqlar həm qol buraxandan sonra, həm də oyunun əvvəlindən istəkli idilər. Pis oynamadıq. Yaxaladığın qol vəziyyətlərindən istifadə üçün çox işləməlisən. Bu da bizim üçün bir siqnal idi. Yolumuza davam. Həqiqətən pis oynamadıq. Belə olacağını bilirdik. Qapalı rəqibə qarşı oynayırdıq. Belədə nələrsə eləməlisən. Ömər iki dəfə təhlükəli epizodlarda iştirak etdi. Bu nələrisə etməyimizin göstəricisi idi. Əfsuslar olsun ki, hücumu qolla nəticələndirə bilmədik. Meydandan qalib ayrıla bilərdik, alınmadı. Amma bu məni heç də üzmür. Hücumlarımızı daha da yaxşılaşdırıb, üzərində işləməliyik.
Bu gün son oyundur fikri ilə oynamırdıq. Bəzi rəiskləri edə bilərdik. Nələrisə itirə də bilərdik. Ona görə riskə girmədik, həm hücum, həm də müdafiədə səhvsiz oynamağa çalışdıq. Çünki rəqibin əks hücumları bizim üçün təhlükəli idi.
Mən “Neftçi”nin sükanı arxasına keçdikdən sonra Sumqayıt şəhərində bu komandanın azarkeşləri çoxalıb. Həmin fanatlara təşəkkürümü bildirirəm. Məncə, artıq vaxtdır, azarkeşlər tribunaları doldurmalıdır. Elə ölkələr var ki, tribunalar tam dolur. Amma indi nə isə demək çətindir. Koronavirus təhlükəsi, insan sağlamlığı amilini nəzərə almalıyıq. Azarkeşləri buraxmamaqla insanlarımız sağlam olacaqsa, qoy, elə bu cür də qalsın”.
Səbuhi Həsənov