Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 nömrəli tam orta məktəbdə erkən nikah ilə bağlı tədbir keçirilib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
İlk olaraq məktəbin direktoru Rəfail Hüseynov tədbir iştirakçılarını salamlayaraq bu cür tədbirlırin keçirilməsinin əhəmiyyətini vurğuladı.
Tədbirdə çıxış edən psixoloqlar, həkimlər və müəllimlər qeyd ki, erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür. İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq , uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Dolayısıyla ictimai inkişafını tamamlamamış olan bu yaşlardakı uşaqların evləndirilməsi uşaqlarda tam formalaşmamış fərdi keyfiyyətlərində problemə səbəb olur. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrəsi ilə məhdudlaşdırır.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir.
Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal bəsəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah adətən 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsədə dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur.
Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailə daxili münaqişələr, qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır.
Dünyada və ölkəmizdə də tətbiq olunan erkən nikahların bağlanmasına qarşı mübarizə tədbirləri kifayət qədər aparılır. Bu sahədə beynəlxalq təşkilatlar və yerli qurumlar maarifləndirici tədbirlər görür, qanunvericiliklə nəzardə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Lakin erkən nikahlar rəsmi qeydiyyata alınmadığından onlara nəzarət etmək dövlət səviyyəsində çətinlik yaradır. Ona görə də bir çox ictimai problem kimi erkən nikah problemin də aradan qaldırılması üçün ailələr, ayrı ayrılıqda hər kəs mübarizə aparmalı, bu halın aradan qaldırılmasında üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Erkən nikaha daha çox məruz qalan qızlar gələcəyin anasıdır. Ana isə nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.