ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü İranla bağlı növbəti addımları müzakirə etmək üçün telefon danışığı aparıblar.
Vətəninfo.az xəbər verir ki, Axios nəşrinin İsrail və ABŞ mənbələrinə istinadən yaydığı məlumata görə, tərəflər Vaşinqtonun Tehranla apardığı danışıqların vəziyyətini və hərbi əməliyyatların nə vaxt bərpa oluna biləcəyini müzakirə ediblər.
Mənbələrin bildirdiyinə görə, Netanyahu Trampı ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana zərbə endirməyə çağırır.
Lakin Tramp hələlik hərbi əməliyyatların bərpasına tələsmir və diplomatik danışıqların nəticəsini gözləməyə üstünlük verir. Bu yanaşmanın isə İsrail hökumətinin başçısında narahatlıq yaratdığı bildirilir.
Məlumata görə, telefon danışığı zamanı iki lider arasında İranla bağlı növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb. Bununla belə, Vaşinqton və Təl-Əvivin mümkün hərbi əməliyyatların vaxtı ilə bağlı mövqelərində fərqlilik olduğu görünür.


























