Ermənistan Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünü qorumaqla Avropa İttifaqına (Aİ) inteqrasiya arasında seçim etməli ola bilər.
“Rosbalt” yazır ki, Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Yerevanın Avropaya inteqrasiya planları fonunda Moskvanın mövqeyi açıq şəkildə ortaya qoyulub.
Vətəninfo.az xəbər verir ki, nəşrin məlumatına görə, Putin görüşün əvvəlində Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinin Moskvanın prioriteti olduğunu bildirib.
Rusiya prezidenti qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlük istiqamətində addımlar atması ölkənin və xalqın qanuni hüququdur. Bununla belə, Putinin sözlərinə görə, belə bir qərar Ermənistanın AİB bazarlarında əldə etdiyi üstünlüklərin itirilməsinə və mövcud ticarət əlaqələrinin pozulmasına səbəb ola bilər.
Putin Rusiyanın Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında cari ilin ilk yarısında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. O, həmçinin Ermənistanın AİB-də olduğu müddətdə ölkə iqtisadiyyatının əhəmiyyətli dərəcədə böyüdüyünü qeyd edib.
Rusiya lideri bildirib ki, Ermənistan xalqı ölkənin gələcək siyasi və iqtisadi kursunu müəyyənləşdirmək hüququna malikdir və Moskva istənilən seçimə hörmətlə yanaşacaq.
“Ermənistan necə qərar verərsə, elə də olacaq. Lakin biz bu mümkün qərarlarla əlaqədar ticarət və iqtisadi siyasətimizi korrektə etməliyik”, – Putin deyib.
Nikol Paşinyan isə öz növbəsində Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya istəyini müdafiə edib. Bununla yanaşı, baş nazir Rusiya ilə münasibətlərin Yerevan üçün əhəmiyyətli olduğunu və Ermənistan hökumətinin bu əlaqələrə xüsusi diqqət yetirdiyini bildirib.
Paşinyan Rusiya ilə yaxşı qonşuluq münasibətlərinin qorunmasının Ermənistan üçün vacib olduğunu vurğulayıb.
“Rosbalt”ın şərhinə görə, Putinin açıqlamaları Ermənistan qarşısında AİB çərçivəsində iqtisadi əlaqələri qorumaqla Aİ-yə inteqrasiya kursunu davam etdirmək arasında mürəkkəb seçim yaradır.


























